02 fevral 2026 13:49
113

İİTKM-də Gənclər Günü ilə bağlı millət vəkili Bəhruz Məhərrəmovla görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2 fevral – Gənclər Günü münasibətilə Milli Məclisin deputatı Bəhruz Məhərrəmovla könüllü gənclərin görüşü keçirilib. “Azərbaycan gəncliyi: inkişafın yeni istiqamətləri və gələcəyə baxış” mövzusunda təşkil olunan tədbirdə İİTKM-in “İslahat könüllüləri”, DGK-nin “Könüllü gömrükçü” təşkilatlarının nümayəndələri və digər könüllülər iştirak ediblər.

“İki sahil” xəbər verir ki, açılış nitqi ilə çıxış edən İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, gənclər cəmiyyətin əsas hərəkətverici qüvvəsidir və ölkənin gələcək inkişafı məhz onların bilik, bacarıq və təşəbbüskarlığından asılıdır. O, gənclərin əldə etdikləri uğurların sabahın möhkəm təməlini qoyduğunu, bu cür tədbirlərin onların özünəinamını artırdığını və sağlam rəqabət mühitinin formalaşmasına xidmət etdiyini qeyd edib.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğını xatırladaraq, bu siyasətin bu gün də uğurla davam etdirildiyini qeyd edib. O vurğulayıb ki,
hər il ölkəmizdə Gənclər Gününün qeyd edilməsi gənclərin potensialını, enerjisini və yaradıcı gücünü ön plana çıxararaq onların ictimai, mədəni və siyasi həyatda fəal iştirakının əhəmiyyətini göstərir. Gənclər Günü eyni zamanda gənclərin hüquqlarına diqqət yetirilməsinə, onların təhsil, məşğulluq və özünüinkişaf imkanlarının genişləndirilməsinə stimul yaradır. Gənclər cəmiyyətin yenilikçi qüvvəsi kimi çağırışlara çevik cavab vermək, müasir dünyanın tələblərinə uyğun inkişaf etmək potensialına malikdirlər. Gənclər Günü onların səylərinin qiymətləndirildiyini göstərir və gələcək uğurlar üçün motivasiya mənbəyi rolunu oynayır.

İnteraktiv keçən görüşdə könüllülərin fikirləri dinlənilib, sualları cavablandırılıb. Millət vəkili gəncləri qarşılarına qoyduqları məqsədlərə çatmaq yolunda əzmlə irəliləməyə, şəxsi inkişaflarına və ölkənin tərəqqisinə töhfə verməyə çağırıb.