Ulu Öndər Heydər Əliyevin gənclərin cəmiyyətdə fəal iştirakını təmin etmək məqsədilə irəli sürdüyü təşəbbüslər bu sahədə dövlət siyasətinin əsasını təşkil edib. Məhz bu siyasi xəttin nəticəsi olaraq gənclər üçün açıq dialoq və müzakirə mühitinin formalaşdırıldığı ilk forumun keçirildiyi tarix 1997-ci ildən etibarən ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu ənənə gənclər siyasətinin Azərbaycan dövlətinin sosial inkişaf strategiyasında və insan kapitalının gücləndirilməsində prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirir.
“İki sahil” xəbər verir ki, bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) silsilə tədbirlər həyata keçirib.
Ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər və əklil qoyublar. İttifaq tərəfindən üzv könüllü təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, dayanıqlı inkişafının təmin edilməsi, könüllü təşkilatları arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək məqsədilə Bakı Konqres Mərkəzində “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” həyata keçirilib. 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş forumda dövlət rəsmiləri, AKTİ-yə üzv könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan Könüllüləri iştirak ediblər. Forum zamanı gənc regional nümayəndələr və bir qrup könüllü gənclər Gənclər Günü münasibətilə səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar.
Silsilə tədbirlər çərçivəsində Bakı Dövlət Universitetində (BDU) Gənclər Gününə həsr olunmuş Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti və Prezident İlham Əliyevin gələcəyə strateji baxışı kontekstində “Güclü dövlətin təməli - Azərbaycan gəncliyi” adlı forumunda Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları ittifaqının birgə təşkilatçılığı ilə gənclər və könüllü təşkilatlarının, gənclər evlərinin təcrübə və könüllülük proqramlarının sərgisi baş tutub. Bundan əlavə, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Könüllü DOST” proqramının birgə təşkilatçılığı ilə “Könüllülər birliyi” layihəsi həyata keçirilib. Azərbaycan Könüllüləri “Könüllü DOST”larla birlikdə DOST Mərkəzinə müraciət edən vətəndaşların qarşılanmasında, xidmət pəncərələrinə yönləndirilməsində, rəy sorğularının keçirilməsində iştirak edib. Daha sonra Azərbaycan Könüllüləri təşəkkürnamələr və simvolik hədiyyələrlə təltif olunublar. Gənclər Gününün ölkəmizdə geniş şəkildə qeyd olunması məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə gənclər festivalı “GəncLand”, ölkənin ən böyük fərdi intellektual yarışı “Gəncİntellekt”, ideyaton “GəncVizyon” və motivasiya platforması olan “GəncTalks” layihələri həyata keçirilib.
Əminliklə qeyd etmək olar ki, ölkəmizdə gənc nəslin cəmiyyətin fəal və layiqli üzvü kimi formalaşması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycan gəncliyinin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bu siyasətin mərkəzində gənclərə göstərilən xüsusi diqqət və qayğı dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə olan etimadı və dəstəyi onların cəmiyyətdə fəal iştirakını stimullaşdıran əsas amillərdəndir. Dövlət başçısının gənclərlə bağlı səsləndirdiyi səmimi fikirlər dövlət–gənclər münasibətlərinin yüksək səviyyədə qurulduğunun bariz göstəricisidir. Bu gün hər bir Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun peşəkarlığı və xalqımızın birliyi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq proseslərində gənclərin fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhu, dövlətə və milli dəyərlərə bağlılığı onların bu tarixi prosesdə də üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəklərinə əsas verir.