Müasir dövrdə gənclər cəmiyyətin ən dinamik və yenilikçi təbəqəsi kimi ölkənin gələcək inkişafını müəyyən edən əsas qüvvələrdən biridir. Onların bilik, bacarıq, təşəbbüskarlıq və sosial fəallığı dövlətin iqtisadi, intellektual və mədəni potensialına birbaşa təsir göstərir. Prezident İlham Əliyev Ulu Öndərin gəncliyə diqqət və qayğı siyasətini daha əhatəli, şaxələnmiş və müasir tələblərə uyğun şəkildə davam etdirir, gənclərin həm şəxsi, həm peşəkar, həm də sosial inkişafını təmin edir, onları beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil etməyə hazırlayır. Bu siyasətin icrasını daha yaxından əks etdirmək məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı-Əkbərli ilə həmsöhbət olduq. Müsahibimiz gənclər üçün yaradılan imkanlar, Fondun prioritet istiqamətləri, regionlarda yaşayan gənclərə yönəlmiş layihələr və qarşıdakı illər üçün müəyyənləşdirilən strateji hədəflər barədə ətraflı danışdı, həmçinin gənclərin liderlik, innovasiya, rəqəmsal bacarıqlar və ictimai fəallıq sahələrində inkişafını dəstəkləyən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Gənclər Fondunun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər...
-Gənclərin təşəbbüskarlığını və innovativ ideyalarını dəstəkləmək üçün Fond hansı konkret mexanizmləri tətbiq edir?
-Gənclərin təşəbbüskarlığını və ideyalarını dəstəkləmək üçün Fond həm gənclər, həm də gənclər təşkilatları üçün qrant müsabiqələri həyata keçirir. 18-29 yaş arası gənclər öz ideyalarını Fondun qrant müsabiqələrinə təqdim edərək maliyyə dəstəyi əldə etmək imkanı qazanırlar. Bununla yanaşı, gənclər təşkilatlarının maliyyələşdirilən layihələri vasitəsilə gənclərin potensialları aşkara çıxarılır, bilik və bacarıqları təkmilləşdirilir.
Qeyd etmək lazımdır ki, Fond hər il fəaliyyətini müasir dövrün çağırışları və gənclərin maraqlarını nəzərə alınmaqla davam etdirir. İnnovativ layihələr və texnologiya sahəsindəki yeniliklər ölkənin iqtisadi və texnoloji inkişafında mühüm rol oynayır. Fond bu sahəni prioritet hesab edərək gənclərin ideyalarının reallaşdırılmasına dəstək vermək məqsədilə müxtəlif istiqamətli layihələr həyata keçirir. Buna misal olaraq “Rəqəmsal” mövzulu qrant müsabiqəsini və “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramını göstərmək olar. Qeyd edim ki, təqaüd proqramına müraciət 16 fevral tarixinədək davam edəcək. Maraqlı olan gənclər Gənclər Fondunun rəsmi saytı vasitəsilə müraciət edə bilərlər.
-Hər il 2 fevralda qeyd olunan Azərbaycan Gəncləri Günü Fondda hansı əhəmiyyətli layihələr və ya tədbirlərlə bağlıdır və gənclərə necə ilham verir?
-2 Fevral – Azərbaycan Gəncləri Günü Gənclər Fondu üçün xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Bu gün çərçivəsində forumlar, konsert proqramları, intellektual yarışlar, müsabiqələr, motivasiyaedici tədbirlər və s. həyata keçirilir. Bu təşəbbüslər gənclərin uğurlarının tanıdılmasına, fəal gənclərin cəmiyyətə təqdim edilməsinə və digər gənclər üçün ilham mənbəyinə çevrilməsinə, eləcə də fəallığa ilə seçilən gənclərin təltif edilərək zəhmətinin dəyərləndirilməsinə, onların daha da şəbəkələşərək üçrəngli bayrağımızın altında layiqincə fəaliyyət göstərməsinə xidmət edir.
Fond gənclərin beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsini həyata keçirir
-Fondun proqramlarıgənclərin həm akademik, həm də praktiki bacarıqlarını inkişaf etdirmək üçün hansı imkanlar yaradır?
-Fondun birbaşa təşkilatçılığı və dəstəyi ilə keçirilən təlimlər, seminarlar, təcrübə proqramları, maarifləndirici sessiyalar və beynəlxalq tədbirlərdə iştirak imkanları gənclərin akademik biliklərinin praktiki bacarıqlarla birləşdirilməsinə şərait yaradır. Gənclər real layihələr üzərində işləməklə nəzəri biliklərini praktikada tətbiq etmək imkanı əldə edirlər.
İctimai fəal, istedadlı, yaradıcı gənclər və gənc
tədqiqatçılar Fondun dəstək mexanizmindən
yararlana bilirlər
Eyni zamanda, Fond gənclərin beynəlxalq tədbirlərdə iştirakının maliyyələşdirilməsini həyata keçirir. İctimai fəal, istedadlı, yaradıcı gənclər və gənc tədqiqatçılar Fondun bu dəstək mexanizmindən yararlana bilirlər.
Gənclərin ictimai proseslərdə fəal rol alması stimullaşdırılır
-Gənclərin ictimai layihələrdə iştirakı ölkəmizin sosial inkişafına necə təsir edir və Fond bu sahədə nə kimi təşəbbüslər göstərir?
-Gənclərin ictimai layihələrdə fəal iştirakı cəmiyyətdə sosial məsuliyyət hissinin güclənməsinə və vətəndaş cəmiyyətinin inkişafına müsbət təsir göstərir. Fond bu sahədə sosial yönümlü layihələrin maliyyələşdirilməsi, könüllülük təşəbbüslərinin təşviqi və icma əsaslı proqramların dəstəklənməsi ilə gənclərin ictimai proseslərdə fəal rol almasını stimullaşdırır. Belə ki, Gənclər Fondu hər il könüllülük fəaliyyətinin ölkədə daha da genişlənməsi, həmçinin könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə “Azərbaycan Könüllülük Həftəsi”ni təşkil edir. Həftə ərzində könüllülər bir çətir altında birləşərək müxtəlif layihə və tədbirlərdə iştirak edirlər. Eyni zamanda, aktiv fəalliyyətləri ilə fərqlənən könüllülər Beynəxalq Könüllülər Günündə “İlin Könüllüsü” mükafatı ilə təltif olunurlar. Bununla yanaşı, il ərzində də könüllülərin iştirakı ilə cəmiyyətimizin inkişafına töhfə verən fəaliyyətlər təşkil olunur, könüllülərin şəbəkələşməsi məqsədilə düşərgələr, festivallar və əyləncəli proqramlar həyata keçirilir.
Bu sahələrin gənclər arasında təbliği prioritet istiqamət kimi müəyyən edilib
-Fond gənclərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə hansı layihələr həyata keçirilir və təsiri nədən ibarətdir?
-Gənclər Fondu Azərbaycan dövlətçilik ənənələrinin və tarixinin təbliğini, həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərin, eyni zamanda Konstitusiya prinsiplərinin gənclər arasında təbliğini prioritet istiqamət kimi müəyyən etmişdir. Fond gənclərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək məqsədilə vətənpərvərlik mövzulu düşərgələr, tarixi irsimizi təbliğ edən maarifləndirici sessiyalar, şəhid ailələrinə diqqət və qayğı göstərən, qazilərimizi cəmiyyətə tanıdan təşəbbüslər həyata keçirir. Bu layihələr gənclərin milli kimlik şüurunu möhkəmləndirir, onların ictimai fəallığını və dövlətçilik dəyərlərinə bağlılığını artırır.
Bu layihələr gənclərin milli kimlik
şüurunu möhkəmləndirir,
onların ictimai fəallığını və dövlətçilik
dəyərlərinə bağlılığını artırır
Əlavə olaraq qeyd etmək istərdim ki, artıq 2019-cu ildən həyata keçirilən və ənənə halını alan Azərbaycanın ən böyük gənclər festivalı - Yay Fest ötən il “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuşdu. 2 mindən çox gəncin iştirakı ilə 2 ay davam edən festivalın proqramı gənclərdə vətənpərvərlik şüurunun möhkəmləndirilməsi, dövlətçilik prinsiplərinə hörmət və milli dəyərlərə sadiqliyin formalaşdırılması məqsədi daşıyıb. Proqram çərçivəsində təşkil olunan görüşlər, interaktiv təlimlər, motivasiyaedici sessiyalar və komanda əsaslı fəaliyyətlər gənclərin vətəndaş mövqeyinin gücləndirilməsinə xidmət edib.
Fond regionlarda yaşayan gənclərin inkişafına xüsusi önəm verir
-Regionlarda yaşayan gənclərə yönəlmiş layihələr necə həyata keçirilir və hansı fərqliliklər mövcuddur?
-Fond regionlarda yaşayan gənclərin inkişafına xüsusi önəm verir və uğurla həyata keçirilən dövlət gənclər siyasətinin yaratdığı imkan və xidmətlərin hər zaman regionlarda yaşayan gənclər üçün əlçatanlığına töhfə verməyə çalışır. Belə ki, 2019-cu ildən etibarən ənənəvi olaraq müxtəlif devizlər altında “Səyyar Gənclər Xidməti” layihəmiz keçirilir. Bu layihə ucqar kəndlərdə yaşayan gənclərə müxtəlif imkanlar təqdim etmək üçün yola çıxır və səfərlər zamanı gənclərin yaradıcılıq bacarıqlarının və intellektual potensiallarının, şəxsi və karyera inkişaflarının artırılması məqsədilə maarifləndirici sessiyalar, təlimlər, vörkşoplar və ustad dərsləri təşkil edilir. Eyni zamanda, 2018-ci ildən Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərir. Hər il Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələri tərəfindən gənclər üçün vətənpərvərlik, karyera quruculuğu, şəxsi inkişaf, könüllülük və sosiallaşma, gənclərin maraqlarının öyrənilməsi, asudə vaxtın təşkili istiqamətlərində müxtəlif layihə və tədbirlər həyata keçirilir.
-Gənclər Fondunun qarşıdakı illər üçün əsas hədəfləri hansılardır?
-Fond Azərbaycan dövlətinin gənclər siyasətinin icrasında aktiv iştirak edir. Gənclərin innovativ, rəqəmsal, liderlik, peşəkar və intellektual bacarıqlarının inkişafını təmin etmək, regionlarda yaşayan gənclər üçün xidmətlərin daha əlçatan olmasına töhfə vermək, dövlət gənclər siyasətinin məqsədlərinə uyğun layihə və proqramları maliyyələşdirmək qarşıdakı illər üçün də əsas hədəflərimizdəndir.
Yaqut Ağaşahqızı, “İki sahil”