02 fevral 2026 17:05
124

Qaradağda 2 Fevral - Gənclər Günü qeyd edilib

2026-cı il fevralın 2-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Gənclər və İdman Nazirliyi Qaradağ rayon sektorunun və Mərkəzin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə YAP Qaradağ rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin  üzvləri və qazilər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Mərkəzin qarşısında yerləşən abidəsi önünə çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə “Ulu öndər Heydər Əliyev və Azərbaycan dövlətinin gənclər siyasəti” mövzusunda videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP  Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Tarixə ekskurs edən Qafar Əliyev müstəqilliyin bərpasının ilk illərində yaranmış ağır vəziyyətdən, gənclərin başlı-başına buraxılmasından, digər sahələrdə olduğu kimi burada da ağır böhranın mövcud olmasından bəhs edib. O bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin gənclər siyasətinin formalaşması istiqamətində ardıcıl addımlar atılıb, Gənclər və İdman Nazirliyi yaradılıb, 1996-cı il fevralın 2-də keçirilən I Gənclər Forumundan sonra ölkədə Gənclər Günü təsis edilib, bu istiqamətdə xüsusi dövlət proqramları hazırlanaraq həyata keçirilib.

Tədbirdə digər çıxış edənlər: Gənclər və İdman Nazirliyi Qradağ rayon sektorunun müdiri Elçin Abbasov, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Dilarə Məmmədova Vətən müharibəsi qazisi Bəhrəm Rəcəbli, 6 saylı Uşaq Somatik Sanatoriyasının tərbiyəçisi Türkanə Əliyeva, Ələt uşaq bağçasının müəllimi, ABŞ Psixoloqlar Assosiasiyasını üzvü Rəna Haqverdiyeva, Heydər Əliyev mərkəzinin əməkdaşı Nuranə Darvinbəyova və başqaları çıxış edərək ölkəmizdə gəncliyin intellektual inkişafı, təhsili, onların sosial problemlərinin həlli, vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərdən ətraflı bəhs ediblər.   

Sonra YAP-a yeni qəbul edilənlərə üzvlük vəsiqələri verilib, 2 Fevral - Gənclər Günü münasibətilə bir qrup gənc fəala Fəxri Fərmanlar təqdim edilib.