28 avqust 2026 16:20
154

ABŞ səfiri Belçika Xarici İşlər Nazirliyinə çağırılıb - QALMAQAL

Belçikanın xarici işlər naziri Maksim Prevo səhiyyə nazirini sosial şəbəkələrdə ələ saldığı üçün ABŞ səfiri Bill Uaytı Xarici İşlər Nazirliyinə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Uayt bundan əvvəl sosial şəbəkədə Belçikanın səhiyyə naziri Frank Vandenbrukun ehtimal ki, süni intellekt vasitəsilə yaradılmış fotosunu yerləşdirərək altında "Belçikanın əsas uduzanı kimdir?" sözlərini yazıb. Fotoda nazirin portreti siqaret qutusunun üzərində təsvir olunub. Siqaret qutusunun üzərində "Vandenbruk. Həyatın hər cür sevincini məhv edir" yazısı yer alıb. Prevo buna cavab olaraq bildirib ki, səfir tərəfindən hökumət üzvünə qarşı belə təhqiramiz ifadələrin işlədilməsi yolverilməzdir.

Belçika XİN səfirin çağırıldığını təsdiqləyib.

Nəşr xatırladıb ki, mart ayında Vandenbruk alkoqol reklamındakı sağlamlığa zərər haqqında xəbərdarlıq mətninin "alkoqoldan sui-istifadə sağlamlığa zərər vurur" sözlərindən "alkoqol sağlamlığa zərər vurur" ifadəsinə dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi təklif etmişdi. "Politico"nun yazdığına görə, Uaytın paylaşımı, çox güman ki, bu təşəbbüsü ələ salmaq məqsədi daşıyır.