Fond üçün əsas çağırışlardan biri məzunların əmək bazarına inteqrasiyasının təmin edilməsi və gələcəkdə kreditlərin vaxtında geri ödənilməsi ilə bağlı ehtimal olunan risklərin idarə olunmasıdır. Bu istiqamətdə Fond tərəfindən dövlət qurumları və özəl sektorla əməkdaşlıqlar genişləndirilir, tələbə və məzunların məşğulluq imkanlarının artırılması məqsədilə onların təlim və təcrübə proqramlarına yönəldilməsi həyata keçirilir. Eyni zamanda, əməkdaşlıq çərçivəsində dövlət və özəl sektorda vakansiyalar yarandığı təqdirdə təhsil tələbə kreditlərindən yararlananların həmin vakansiyalara yönləndirilməsi prosesləri də həyata keçirilir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Təhsil Tələbə Krediti Fondunun İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Gülnar Zeynalova söyləyib.
Qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, Fondun fəaliyyəti dövründə kreditdən faydalanan 3000-dən çox tələbə və məzun təlim-təcrübə proqramlarına yönəldilib, 400-ə yaxın məzunun işlə təmin olunmasında vasitəçilik edilib. Bu məqsədlə indiyənə qədər 36 dövlət və özəl sektorla Anlaşma Memorandumu imzalanıb.
Yaqut Ağaşahqızı, “İki sahil”