05 fevral 2026 23:58
102

Vətəni canından artıq sevən Məhəmməd

Biləsuvarın igid oğlu Məhəmməd Əmənov 44 günlük haqq savaşımızda sevdalandığı doğma Vətəninin yaşaması naminə böyük rəşadət, igidlik göstərərək ömrünün 24 ilində şəhidlik zirvəsinə ucalıb. Onun həyat yolu qısa olsa da, qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvolu olaraq hər bir Azərbaycan vətəndaşı üçün şəhid adı əziz və müqəddəsdir. Eləcə dünya durduqca gələn nəsillər də onun torpağa, Vətənə olan sevgisindən nümunə götürəcəklər. Yaxınları, qohumları üçün ölümündən sonra layiq görüldüyü "Qarabağ" ordeni , "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları təsəlli olacaq.

Vətənin azadlığı uğrunda şəhadətə yüksələn, xalq tərəfindən qürurla anılan Məhəmməd İltizam oğlu Əmənov 18 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Qəlbi Vətən eşqi ilə döyünən, Azərbaycanın müqəddəs parçası olan Qarabağımızın düşmən işğalında qalmasına heç cür barışa bilmədiyi üçün kənd orta məktəbi başa vurub ordu sıralarına yollanıb. Əsgərlik həyatına cəbhə bölgəsində başlayıb. Əsl vicdanlı oğul olaraq komandirlərin verdiyi bütün tapşırıqlarını böyük cəsarət və hünərlə yerinə yetirib. Həmçinin Məhəmmədin Vətənə olan sevgisi, torpağa bağlılığı əsgər yoldaşlarına nümunə göstərilib. Həmişə yağıya qarşı döyüşə hazır olan Məhəmməd savaş meydanında əzəli yurd yerimiz Qarabağımızın azadlığı uğrunda şəhid olmağı belə özünə şərəf bilib.

Məhəmməd Vətənə olan müqəddəs oğuluq borcunu ləyaqətlə verib alnıaçıq, başıuca doğma kəndinə qayıdıb. Qaldı ki, Vətənin ağır günlərində evdə oturmağı vicdanına sığışdırmayıb. Öz yerini cəbhə bölgəsində görən qeyrətli Vətən oğlu ömrünü orduya bağlayıb. Belə ki, müvafiq kursu uğurla keçərək gizir rütbəsində xidmətini davam etdirməyə başlayıb. Üzərinə düşən tapşırıqlara ürəklə gedib, onların öhdəsindən bacarıqla gəlib, qatıldığı təlimlərdə bir qayda olaraq fərqlənib. Çox keçmir tankin “ dilini” öyrənib, bu sahənin peşəkarı kimi yetişib. Və bütün bunlara görə dəfələrlə komandalıq tərəfindən fəxri fərmanlara layiq görülüb.

Məhəmmədin rəşadətli döyüş yolunun başlanğıcı 2016-ci ilin aprelində qoyulub. 4 gün çəkən bu savaşda igidliyi, qəhrəmanlığı dillərdə dastana dönüb. Müqəddəs amal uğrunda cəsarətlə vuruşub, qorxunu özünə yaxın buraxmayıb. Açdığı sərrast atəş zərbələri ilə xeyli sayda erməni dığasını məhv edib. Lələ təpənin bağrına zəfər bayrağını sancanların arasında olan Məhəmmədin qəlbi bütün Qarabağımızın azadlığı üçün döyünüb. Elə o möhtəşəm qələbə ilə əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya göstəriblər. 4 ildən sonra hər bir qeyrətli azərbaycanlının arzuladığı gün gəlib çatıb.

Bəli, 2020-ci ilin 27 sentyabrında 44 günlük haqq savaşımız başlayanda tank komandiri çavuş Məhəmməd Vətən torpaqların azadlığı uğrunda ölüm-dirim döyüşlərinə qatılıb. Yağı düşmənin kabusuna çevrilən igid döyüşçü Goranboy istiqamətində , Suqovuşanın alınmasında, Tərtər bölgəsində və Ağdərədə müharibə meydanında böyük şücaət göstərib. Vətənə olan sonsuz sevgisini ermənilərə qan qusdurmaqla bildirib. Neçə-neçə ağır döyüşdən zəfərlə çıxan qəhrəmanımız 20 oktyabrda şəhadətə qovuşub.

Məhəmməd bu işıqlı dünyada qısa, amma şərəfli bir ömür yaşadı. O, Vətən, torpaq üçün canından keçdi, nəticədə müqəddəs bir məqama yüksələrək ölümsüzlük qazandı. Azərbaycan var olduqca, o, da xalqın qəlbində yaşayacaq...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü