Bakı və regionlarda ictimai nəqliyyatın səmərəliliyi, hərəkət intervallarının pozulması və sərnişin sıxlığı uzun illərdir paytaxt sakinlərini narahat edən əsas problemlərdəndir. Sürətli urbanizasiya və əhali artımı şəhər nəqliyyat sistemlərinin daha çevik, texnoloji və inklüziv şəkildə idarə olunmasını labüd edir. Xüsusilə pik saatlarda avtobus çatışmazlığı, marşrutların real tələbatla uyğun gəlməməsi və fiziki məhdudiyyətli şəxslər üçün əlçatanlıq məsələləri vətəndaş məmnuniyyətinə birbaşa təsir göstərir.
İctimai nəqliyyatda sıxlıq, gecikmə və əlçatanlıq problemlərinin aradan qaldırılması üçün görülən tədbirlər sərnişinlərin gündəlik hərəkətinə real təsir edir, yoxsa hələ əlavə addımlar atılmalıdır?
Mövzunun aktuallığını nəzərə alaraq, “İki sahil” olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) rəsmi sorğu göndərdik.
Qurumdan bildirildi ki, avtobuslar hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir və ciddi gecikmələr müşahidə olunmasa da, pik saatlarda nəqliyyat sıxlığı intervalların artmasına səbəb ola bilər. AYNA daşıyıcılara marşrut xətlərinin nizamlı işləməsi, cədvəllərə riayət olunması və sərnişin tələbatına uyğun avtobus sayının tənzimlənməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Bu tədbirlər yalnız cədvəllərin icrasını təmin etmir, eyni zamanda, avtobusların şəhərdaxili mobilliyin təmin edilməsindəki əhəmiyyətini də vurğulayır.
Agentlikdən verilən məlumata görə, avtobusla sərnişin daşımaları şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Avtobus üstünlüyünün təmin edilməsi məhz tıxac olan küçələrdə lazımdır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır. Hazırda Bakıda 40-a yaxın küçə və prospektdə 114 kilometr zolaq təşkil olunub. Yeni zolaqların salınması istiqamətində iş aparılır.
AYNA-dan verilən məlumata görə, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində də işlər davam etdirilir: “ Belə ki, avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir. Ötən il ərzində Bakıya 290-dan artıq avtobus gətirilib, ölkə üzrə isə 2025-ci il ərzində 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu, həm şəhərdaxili, həm rayondaxili, həm də şəhərlərarası avtobuslara aiddir”.
Həm Bakı, həm də regionlarda ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artırılmasını təmin etmək, sərnişindaşıma xidmətinin keyfiyyətini yüksəltmək istiqamətində də işlər davam etdirilir. AYNA-dan verilən məlumata görə, bu səbəbdən də Bakı şəhərində gündəlik sərnişindaşıma fəaliyyətinə 2300-ə yaxın avtobus cəlb edilir. Paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da artmasına gətirəcək. Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur. Gəncə şəhərində ötən il bütövlükdə avtobus parkının yenilənməsi həyata keçirilib, 280 yeni avtobus alınıb və nağdsız ödəniş sisteminin tətbiqinə başlanılıb. Ölkə başçısının “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, 60 ədəd elektrik mühərrikli avtobusun alınaraq Naxçıvan şəhərinin sərnişin daşımalarında istismar edilməsi nəzərdə tutulub. Bununla əlaqədar, artıq zəruri proseslər görülür. Naxçıvan şəhərində orta tutumlu “BYD” markalı elektrik avtobusların şəhərdaxili sərnişin daşımalarına cəlb edilməsi həyata keçiriləcək. Həmçinin Laçın, Xankəndi, Cəbrayıl və Ağdam şəhərlərinin elektrikli nəqliyyat vasitələri ilə təmin olunması nəzərdə tutulub.
Qurumdan verilən məlumatda o da qeyd edilib ki, fiziki məhdudiyyətli şəxslərin ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadəsi də daim diqqət mərkəzindədir: “Əilliyi olan şəxslərin istifadəsi üçün Azərbaycana pandusla təchiz edilmiş yeni avtobuslar gətirilir. Avtobus parkında hazırda 1600-dən artıq pandusla təchiz edilmiş avtobus mövcuddur. Həmçinin 1067 avtobusda dayanacaqların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur. Qeyd edək ki, daşıyıcılar tərəfindən yeni gətirilən daha 316 avtobusda səslənmənin təmin edilməsi istiqamətində əlavə qurğuların quraşdırılması ilə bağlı texniki işlər aparılır. Texniki işlər yekunlaşdıqdan sonra ümumilikdə 1387 ədəd avtobusda səslənmə təmin olunacaq”.
AYNA-dan o da bildirildi ki, şəhərdaxili avtobuslarda adətən 1 ədəd uşaq arabası üçün xüsusi yer nəzərdə tutulur. Bəzi geniş salonlu avtobuslarda isə 2 uşaq arabası yerləşdirilə biləcək qədər boş zona ola bilir. Bu da avtobusun istehsalçısı tərəfindən tutuma uyğun olaraq müəyyən etdiyi məsələdir. Bundan artıq arabanın salonun keçid hissəsində dayanması təhlükəsizlik baxımdan uyğun deyil. Müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı təşkil edilən müsabiqələr zamanı da sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunan nəqliyyat vasitələrinə üstünlük verilir.
Yaqut Ağaşahqızı, “İki sahil”