06 fevral 2026 18:31
167

Sevgisi Vətən olan igid

30 il düşmən tapdağına dönən əzəli yurd yerimiz- Qarabağı  44 günə öz qanı bahasına azad edən Vətənin mərd, qeyrətli övladları cismən aramızdan getsələr də,  mənən milyonların ürəyində yaşamaqla zaman-zaman xatirələrdən silinməz.  2000-ci il iyunun 22-də Biləsuvar rayonunun Cürəli kəndində dünyaya göz açan Sadiq Nüsrət oğlu Nəcəfliyə də  məhz belə bir ucalıq nəsib olub. Onun qısa, amma olduqca şərəfli həyat yolu indi qazanılan qələbəmizin qəhrəmanlıq simvoluna dönərək dillərdən düşmür.  Həmçinin ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda”,  “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları  onun  müqəddəs şəhid adına daha bir qürur qatır...

Doğma Vətəninə ürəkdən bağlanan, onun hər qarışını özünə əziz bilən Sadiqin ürəyi hələ orta  məktəbdə  oxuduğu zaman yağıdan qisas almaq istəyi ilə döyünüb. Odur ki, işğal altında olan torpaqların azadlığı naminə  döyüş meydanında düşmənə qalib gəlmək üçün orta təhsildən sonra, yəni    2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Burada hərbin sirlərinə mükəmməl yiyələnmək bacarığı,  ən çətin təlimlərə ürəklə qatılması, eləcə ağıllı hərəkətləri, mərdliyi,  cəsurluğu, sanbalı davranışı  ona böyük məhəbbət qazandırıb. Bir qayda olaraq qəlbində   günü-gündən azğınlaşan erməni  quldurlardan intiqam, qisas almaq alovu get-gedə güclənib. İstəyini həyata keçirtmək  üçün məqam gözləyən kursant  Sadiq Nəcəfli öyrəndiyi böyük zabitlərin qarşısında Vətən torpaqlarının azadlığı uğrunda  son damla qanına qədər vuruşacağına and içib.

Sadiq ali hərbi məktəbini yüksək səviyyədə bitirib kiçik leytenant rütbəsini alıb.  Bu vaxt- 2020-ci ilin 27 sentyabrda dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin  Ermənistanın  sərhəd boyu törətdiyi ardıcıl təxribatlara  cavab olaraq əks-hücum əmrini eşidəndə müharibə ölüm-itim olsa da,  sevincdən  ürəyi köksünə sığmayıb. Axı uzun illər arzusunda olduğu  yağıdan  alacağı öcün vaxtı çatmışdı...

Vətən müharibəsi zamanı ilk gündən Biləsuvarın igid oğlu Sadiq Nəcəflinin qələbə sorağı ən ağır döyüş əməliyyatlardan gəlib.  Verilən  tapşırıqları bacarıqla  yerinə yetirib, neçə-neçə kəndin, qəsəbənin azad olmasında  mənfur erməni dığalarına qarşı qəhrəmancasına vuruşub.  Ulu torpağın bağrına  hər dəfə zəfər bayrağı sancılanda gözlərinin önünə Şuşa gəlib.  Torpaq sevgisinin hərarətindən güc alan Sadiq ölümün gözünə dik baxa-baxa Şuşa uğrunda ağır ölüm-dirim savaşına girib. Düşmənə sarsıdıcı zərbələr endirib. Elə zəfər günü- noyabrın 8-də  qəfil atılan gülləyə tuş gəlib. Özü şəhid olsa da, qan tökdüyü, canını  qurban verdiyi Şuşada  düşmən tam məğlub olub. Sadiq isə öz xalqına qazandıran qələbə ilə  əbədi yaşamaq üçün  əlçatmaz və  ünyetməz göylərə ucalıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü