06 fevral 2026 17:59
134

Fransanın müstəmləkə siyasəti: Kanaki və Mayotda sosial-iqtisadi vəziyyət acınacaqlıdır

Bəşəriyyət Fransanın timsalında XXI əsrdə neokolonializmin ən amansız və aşkar təzahürü ilə üzləşib. Özünü dünyaya demokratiya beşiyi kimi sırımağa çalışan bu dövlət beynəlxalq aləmin susqunluğu qarşısında bu siyasətini ən sərt formada həyata keçirir. Rəsmi Paris "Parçala və hökm sür!" prinsipi ilə hərəkət edir, xalqları əsarətdə saxlamağa çalışır, buna nail olmadıqda isə repressiv, zorakı addımlara əl atır. Fransa sərhədlərindən minlərlə kilometr aralıda - keçmiş müstəmləkələrində, konkret olaraq Yeni Kaledoniya, Mayot adaları, Fransız Qvianası və s. bölgələrdə milli azadlıq hərəkatlarını, müstəqillik çağırv ışlarını qan içində boğur.

XXI əsrdə özünü "insan hüquqlarına hörmət edən əsas ölkə" adlandıran rəsmi Fransa müstəmləkələrində yerli əhalinin əhəmiyyətli bir hissəsinin ən adi hüquqlarını pozur. Hətta vəziyyət o həddə çatıb ki, Mayot əhalisinin, demək olar, yarısının doğum haqqında şəhadətnaməsi belə yoxdur. Rəsmi Parisin konkret olaraq Yeni Kaledoniyada törətdikləri isə əsl insanlıq faciəsidir. Fransa həmçinin müstəmləkə ərazilərini istismar etmək və yerli əhalini hüquq və zor aparatı vasitəsilə nəzarətdə saxlamaqla yerli əhalini doğma torpaqlarını tərk etməyə məcbur edir. Bakı Təşəbbüs Qrupunun məlumatında bildirilir ki, 2019 və 2025-ci illər üzrə yerli kanak əhalisinin siyahıyaalma nəticələri Kanakidə (Yeni Kaledoniya) sistemli və dərinləşən demoqrafik tənəzzülün yaşandığını açıq şəkildə ortaya qoyur. 2019-cu ildə ərazinin daimi əhalisi 271 min 407 nəfər təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 264 min 596 nəfərə enib. Son altı il ərzində Kanakidə əhali sayında 6811 nəfərlik azalma qeydə alınıb. Bu geriləmə təxminən 2,5 faiz demoqrafik azalmaya bərabər olmaqla, hər il orta hesabla 1200-dən artıq şəxsin Yeni Kaledoniyanı tərk etməsi ilə xarakterizə olunur və son 75 il ərzində ilk dəfə müşahidə edilən demoqrafik tənəzzül kimi qiymətləndirilir.

Statistik məlumatlara əsasən, Kanakinin Fransa tərəfindən məqsədli şəkildə sosial-iqtisadi inkişafdan kənarda saxlanılması, təhsil və məşğulluq imkanlarının məhdudlaşdırılması, yerli əhali üçün sabit gələcək perspektivlərinin qeyri-müəyyənliyi, sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi, səhiyyə və ictimai xidmətlərə əlçatanlığın məhdudluğu, ədalətli məhkəmə sisteminin mövcud olmaması, eləcə də Fransadan qeyri-qanuni göstərişlər alan hüquq-mühafizə orqanlarının sərt, repressiv və ayrı-seçkilik yaradan davranışları, təhlükəsizlik mühitinin pisləşməsi və siyasi, iqtisadi, sosial hüquqların ardıcıl və sistemli şəkildə məhdudlaşdırılması, kanaki əhalisi arasında kütləvi miqrasiya meyillərinin güclənməsinin əsas səbəblərindən hesab olunur. Kanaki əhalisinin ərazini tərk etməsi ilə paralel olaraq ümumi əhali strukturunda yaşlanma prosesi sürətlənir, uşaq və gənc əhalinin çəkisi isə azalır ki, bu da demoqrafik geriləmənin daha qabarıq və kəskin şəkildə görünməsinə gətirib çıxarır.

Qeyd edək ki, Fransa tərəfindən kanak gənclərin, xüsusilə siyasi və iqtisadi baxımdan aktiv əhalinin kütləvi şəkildə digər ölkələrə məqsədyönlü köçürülmə siyasəti yerli müstəqillik hərəkatlarının gücünün zəiflədilməsinə, Yeni Kaledoniyada kanak əhalisinin nisbətinin azaldılmasına, eyni zamanda, metropoldan gələn avropalı və digər miqrantların sayının artırılmasına və nəhayət uzunmüddətli perspektivdə referendumlar və yerli əhali tərəfindən müstəqillik tələblərinin zəifləməsinə yönəlib. Həmçinin gənc, təhsilli və perspektivli şəxslərin Kanakini tərk etməsi yerli iqtisadi inkişafın ləngiməsinə səbəb olur. Bu proses Yeni Kaledoniya və digər müstəmləkə ərazilərinin Fransadan iqtisadi asılılığını artırır, xüsusilə subsidiyalar, investisiyalar və idxal asılılığı vasitəsilə maliyyə və resurs baxımından metropola bağlılıq dərinləşir. Eyni zamanda, fransız şirkətləri, xüsusilə nikel sektorunda fəaliyyət göstərən korporasiyalar yerli əmək qüvvəsindəki azalmanı Fransadan gələn işçilər və ya digər xarici miqrantlar hesabına kompensasiya edə bilirlər.

Fransa hökuməti bu siyasət vasitəsilə daxili siyasətindəki çatışmazlıqları və uğursuzluqları ört-basdır etməyə çalışır. 2024-cü ildə Çido qasırğasının ağır zərbəsi ilə üzləşən mayot xalqına Fransa Prezidenti Emmanuel Makron və digər yüksəksəviyyəli rəsmilər tərəfindən verilmiş yenidənqurma və inkişaf vədləri hələ də yerinə yetirilməyib. Dənizaşırı ərazilər naziri Naima Mutçu 2026-cı ilin 22 yanvar tarixində Fransanın Mayot üçün 674 milyon avrodan artıq maliyyə öhdəliyi götürdüyünü və bunun əhəmiyyətli hissəsinin xüsusi büdcə sətri ilə təmin olunacağını bəyan edib. Buna baxmayaraq, Fransa Milli Assambleyası tərəfindən 2026-cı il fevralın 2-də qəbul edilmiş büdcədə Mayotun yenidənqurulması üçün heç bir xüsusi büdcə sətri və ayrılmış vəsait nəzərdə tutulmayıb. Nəticədə Fransa rəhbərliyi adanın ağır fəlakət sonrası vəziyyətinə qarşı laqeyd münasibətini davam etdirərək, verilmiş vədləri yalnız formal sənədlər səviyyəsində saxlamış və Mayotun yenidənqurma prosesi maliyyə baxımından qeyri-müəyyən və dəstəksiz qalıb. Bu qərar, Fransanın müstəmləkə əsarətində saxladığı ərazilərə qarşı ardıcıl olaraq nümayiş etdirdiyi laqeyd və yerli əhalinin mövcud vəziyyətdən bezərək doğma torpaqlarını tərk etməsinə istiqamətlənmiş siyasətin bariz nümunəsidir.

Məlumat üçün bildirək ki, demokratik ideyaları məhv edən və insani dəyərləri ucuzlaşdıran Fransa 1873-cü ildən bəri yerli kanak xalqını əsarəti altında saxlayır, onların bütün hüquqlarını pozur. Əslində, Yeni Kaledoniya 1986-cı ildən müstəmləkə siyasətindən azad edilmiş xalqlar siyahısına daxil edilib, həmin vaxtdan etibarən müstəqillik mübarizəsinə başlayıb. Lakin Fransa hələ də ona qarşı kolonializm siyasətini davam etdirir. Ada sakinləri dəfələrlə bəyan ediblər ki, Fransanın bu siyasəti nəticəsində öz mənsubiyyətlərini itirmək təhlükəsi yaşayırlar.

Diqqət yetiriləsi mühüm bir məsələ, şübhəsiz ki, Qərbin Fransanın törətdiyi cinayətlərə biganəliyi, görməzdən gəlməsidir. Necə olur ki, insanların hüquq və azadlıqlarına qarşı hörmətsizlik edilir, lakin beynəlxalq təşkilatlar, müxtəlif dövlətlər buna reaksiya verməyə tələsmir.

Sevinc Azadi, “İki sahil”