07 fevral 2026 14:01
122

AAYDA-nin İdarə Heyətinin yeni sədri agentliyin kollektivinə təqdim edilib

Fevralın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2026-cı il tarixli sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilən Vüsal Nəsirlini agentliyin kollektivinə təqdim edib.

İki sahil” xəbər verir ki, təqdimat zamanı Natiq Əmirov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini, yol infrastrukturu sahəsində əldə olunan nəticələrin isə xüsusi əhəmiyyət daşıdığını bildirib.

O, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayaraq, agentliyin qarşısında duran əsas vəzifələr və bu istiqamətdə verilən tapşırıqlar barədə məlumat verib. Natiq Əmirov bu tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

İdarə Heyətinin sədri Vüsal Nəsirli çıxışında Prezident tərəfindən ona göstərilən etimadı yüksək qiymətləndirib. O, yol təsərrüfatının inkişafı, infrastruktur layihələrinin keyfiyyətinin artırılması və bu sahədə islahatların davam etdirilməsi istiqamətində qarşıya qoyulan hədəflərin layiqincə həyata keçirilməsi üçün bütün səylərini göstərəcəyini bildirib.