Argentinada başa çatan Cənubi Amerika çempionatının nəticələrinə əsasən, bu ilin iyununda Azərbaycanda təşkil olunacaq çövkən üzrə dünya birinciliyində iştirak edəcək növbəti yığmalar müəyyənləşib.
“İki sahil” xəbər verir ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən qitə turnirinin qalibi olan Uruqvay və ikinci yeri tutan Çili komandaları Bakıdakı yarışda iştirak hüququ əldə ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışın final qarşılaşmasında Uruqvay yığması Çili komandasını 3:2 hesabı ilə məğlub edərək qitə çempionu adını qazanıb. Üçüncü yer uğrunda keçirilən oyunda isə Argentina Kolumbiyaya eyni hesabla qalib gələrək bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, çövkən üzrə II dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək. Mundialda ümumilikdə 9 komandanın iştirakı gözlənilir. Bir komanda isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.