Damar tıxanıqlılığını müalicə etmək və qarşısını almaq üçün həyatınızda bir neçə dəyişikliklər etməyiniz kifayətdir. Təbii ki, hər şeydən öncə insanın ağlına təbii yollarla bunun qarşısını almaq gəlir. Belə ki, damar tıxanıqlılığının qarşısını təbii yollarla bir çox bitkilərin köməyi ilə almaq mümkündür.
Damar tıxanması nədir?
Qəbul edilən artıq yağlar və xolesterin nəticəsində tıxanan damarlar qan axınının qarşısını alır. Qan axınının azalması, yəni damar tıxanıqlılığı beyin, ürək və digər həyati orqanlara yetəri qədər qan və oksigen getməsinin qarşısını alır. Damar tıxanıqlılığı müxtəlif cərrahiyyə yolu ilə də müalicə edilə bilər. Ancaq bununla yanaşı mütəmadi hərəkət etmək, sağlam qidalanmaq damar tıxanıqlılığı ilə savaşmaqda əvəzsizdir.
Xüsusilə də C vitamini əksik olduqda xəsarət görən damar çəpərləri bədənin xolesterinindən istifadə edərək bu yırtıqları və zədələri bərpa edir. Amma damar çəpərini bərpa etmək üçün bədənin yamaq olaraq istifadə etdiyi xolesterin zaman içərisində sərtləşir və müxtəlif narahatlıqlara səbəb olur. Bundan da anlamaq olur ki, orqanizmin ehtiyacı olan vitamin və minerallar alınmadığı təqdirdə damar tıxanıqlığı problemi yaşamanız şübhəsizdir. Ölkəmizdə bu problemləri yaşayan minlərlə insan bay-pass əməliyyatı, stent taxılması kimi, maliyyəti heç az olmayan müalicələrə müraciət edir. Bu kimi bir çox əməliyyatların hamısı müəyyən riskləri də bərabərində gətirir. Bununla belə damarlarınız əməliyyatla açılsa belə qidalanmanıza, zərərli vərdişlərinizə, mütəmadi hərəkətə, və s. diqqət göstərməlisiniz. Belə ki, ehtiyatsız hər hansı bir davranış sizin həyatınız üçün böyük təhlükə yarada bilər. Qısası, damar tıxanıqlığı yaşamamaq və ya yaşayıb əməliyyat olduqdan sonra istifadə etdiyiniz qidaları müşahidə altına almağınız və həyatınızda idmana xüsusi yer ayırmağınız məsləhətdir.
Damar tıxanıqlığı üçün faydalı qidalar
Yanlış qidalanma: yediyiniz yeməkləri dəyişdirərək damar tıxanıqlığının qarşısını ala biləcəyinizi təkrar-təkrar vurğulamaq istəyirəm. Çünki bu ən önəmli nöqtədir. Fast food, qızarmış kartof, yağlı kabablar və buna bənzər qidalar damarlarınızın düşmənidir. Gün içərisində vaxtında yeməyinizi yeməlisiniz. Eyni zamanda metabolizmanın ən yavaş olduğu vaxtlar olan gecə saatlarında isə yemək yeməməlisiniz.
Lifli qidalar: Lobya, gerkules, bol-bol meyvə-tərəvəz yemək yüksək lif tərkibli olduğu üçün damar tıxanıqlığına səbəb olan xolesterinin düşməsinə səbəb olur.
Omeqa 3: Somon balığı, kətan toxumu kimi omeqa 3 tərkibli qidalar qan laxtalanmasını və xolesterinin oksidləşməsini əngəlləyir. Eyni zamanda pomidorun tərkibindəki likopen xolesterinin oksidləşməsini tarazlayır.
E vitamini: Günəbaxan tumu E vitamini baxımından çox zəngindir. Damar divarlarının iltihablanmasını azaldır.
Xolesterin: Doymuş yağ tərkibli qidalardan uzaq durmalısınız. Doymamış yağla zəngin balıq, badam, qoz, fındıq, zeytunyağı, fıstıq kimi təbii məhsullar bədəndəki yağ ehtiyacınızı qarşılaya bilər. Xolesterini aşağıda saxlamaq damar tıxanıqlığının qarşısını almaq və tıxanan damarları təkrar sağlam vəziyyətinə qaytarmaq üçün çox önəmlidir. Həm yağ ehtiyacınızı qarşılayıb, həm də xolesterininizi yüksəltməyəcək qidalar arasında zeytun yağı, yaşıl çay, alma sirkəsi, greyfurd, alma, balıq yağı, sarımsağın önəmli rolu var.
İdman: Qəbul etmək lazımdır ki, ölkəmizdə ən bol olan şeylərdən biri də eskalatordur. Mütəmadi hərəkət etmək sadəcə damar tıxanıqlığı üçün deyil, bütün orqanların ümumi sağlamlığı üçün vacibdir. Xolesterini normada saxlamaq üçün gündə ən az 45 dəqiqə yerimək lazımdır.
Bəli, damar tıxanıqlığı və bununla bağlı problemlər ölkəmizdə və dünyada milyonlarla insanı təsiri altına alır. Amma bunun qarşısını almaq da sizin əlinizdədir. Necə deyərlər: “Sağlam bədəndə, sağlam ruh olar”. Çalışın sağlam olasınız...
Röya Şahbazi, “İki sahil”