19 fevral 2026 13:50
115

İnklüziv Karyera Forumu keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əlilliyi olan şəxslərin inklüziv məşğulluğa çıxış imkanlarını genişləndirmək və karyera inkişafını dəstəkləmək məqsədilə icra edilən “İnklüziv İnkişaf Platforması” layihəsinin yekunu olaraq İnklüziv Karyera Forumu təşkil edilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, sonra “İnklüziv İnkişaf Platforması” layihəsinin hesabat videosu nümayiş etdirilib.

Tədbirdə çıxış edən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari həssas qrupların yaradıcı potensialı və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb olunmuş əlilliyi olan şəxslərin və digər həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi üçün də görülən dəstək tədbirlərini diqqətə çatdırıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması, onların əmək bazarına çıxışlarının dəstəklənməsi üçün agentlik tərəfindən görülən işlər barədə məlumat verib. Aktiv məşğulluq proqramlarının icrasında əlilliyi olan şəxslərə üstünlük verildiyini, bu Forumun da əlilliyi olan şəxslər üçün karyera imkanlarının genişləndirilməsinin təşviqi baxımından önəmini qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov isə çıxışında inklüziv məşğulluğun təşviqində ictimai nəzarətin və vətəndaş cəmiyyəti institutlarının rolunun əhəmiyyətini vurğulayıb. O, əlilliyi olan şəxslərin əmək bazarında bərabər iştirakının təmin edilməsinin yalnız dövlət siyasəti ilə deyil, həm də cəmiyyətin ümumi yanaşması və işəgötürənlərin sosial məsuliyyəti ilə mümkün olduğunu bildirib.

Forum çərçivəsində “Peşəkar bərabərlik prinsipləri əsasında inklüziv məşğulluğun genişləndirilməsi” mövzusunda keçirilmiş panel müzakirəsində inklüziv məşğulluq, əlçatan karyera imkanları, əmək bazarında bərabər iştirak, xüsusi qayğıya ehtiyacı olan şəxslərin peşə hazırlığı və sosial innovasiyalar kimi mövzular müzakirə edilib. Mərkəzin benefisiarları tərəfindən konsert proqramı da təqdim olunub. Təşkil edilən interaktiv sessiyada əlilliyi olan şəxslər öz uğur hekayələrini bölüşüblər.

Tədbir zamanı, həmçinin layihə iştirakçıları mükafatlandırılıb və sertifikatlar təqdim edilib.

“İnklüziv İnkişaf Platforması” layihəsi çərçivəsində 2025-ci il dekabrın 13-dən etibarən layihə iştirakçısı olan əlilliyi olan şəxslər üçün silsilə təlimlər təşkil olunub. Həmin təlimlər çərçivəsində iştirakçılara müasir iş dünyasının tələblərinə uyğun praktiki bilik və bacarıqlar təqdim olunub, iki dəfə şəbəkələşmə görüşü təşkil edilib. Layihəyə 30 nəfər əlilliyi olan şəxs cəlb edilib.