23 fevral 2026 18:10
121

Xocalı faciəsi qurbanlarının xatirəsi Qaradağ rayonunda anılıb

23 fevral 2026-cı il tarixində Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbdə Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri, qəsəbə ictimaiyyəti, məktəb direktorları, şəhid anaları, müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra faciəni əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbir çərçivəsində çıxış edən şagird və müəllimlər Azərbaycan xalqına qarşı törədilmiş bu ağır cinayətin mahiyyətindən, Xocalı faciəsinin səbəblərindən və acı nəticələrindən bəhs edərək, soyqırımının tariximizin ən faciəli səhifələrindən biri olduğunu vurğulayıblar.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov qeyd edib ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilib. Belə ki, 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul olunub. Ulu Öndərin 1997-ci il fevralın 25-də imzaladığı fərmanla hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi təsbit edilib.

Çıxış zamanı həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm rol oynadığı diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən qəsəbə ağsaqqalları gənc nəslə Vətən tarixini unutmamağı, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini daim uca tutmağın vacibliyini tövsiyə ediblər.

Tədbirin sonunda məktəbin direktor əvəzi Kamalə Əsədova çıxış edərək tədbirin təşkilinə göstərilən diqqətə görə qonaqlara minnətdarlığını bildirib, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonda Xocalı faciəsi şəhidlərinin xatirəsi bir daha dərin hüzn və ehtiramla yad edilib.