Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov messencerlərin, o cümlədən Telegram platformasının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərarların ölkə rəhbərliyi tərəfindən deyil, müvafiq səlahiyyətli qurumlar tərəfindən qəbul edildiyini bildirib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, jurnalistlərin Telegram-ın bloklanmasının zəruri olub-olmaması barədə sualını cavablandıran Peskov qeyd edib ki, bu məsələ birbaşa aidiyyəti dövlət orqanlarının səlahiyyətinə daxildir və Prezident Administrasiyası belə qərarların məqsədəuyğunluğunu qiymətləndirmir.
“Bu, Kremlin funksiyasına daxil deyil”, – deyə dövlət başçısının sözçüsü vurğulayıb.
Bundan əvvəl Peskov məsul qurumların Telegram messencerində çoxsaylı pozuntular qeydə aldığını və platforma rəhbərliyinin Rusiya hakimiyyəti ilə əməkdaşlığa yetərincə maraq göstərmədiyini bildirmişdi.