02 mart 2026 12:04
111

Agentlikdə “LinkedIn” platformasının nümayəndələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində “LinkedIn” platformasının nümayəndələri ilə görüş keçirilib.    

“İki sahil” xəbər verir ki, görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, “LinkedIn” platformasının Avropa, Yaxın Şərq, Afrika və Latın Amerikası regionları üzrə rəhbər şəxsləri Seamus Clancy və Linus Wellén, həmçinin platformanın Azərbaycandakı nümayəndəsi Emil Hüseynov və başqaları iştirak ediblər.        

H.Abbasov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən aktiv məşğulluq proqramları və işəgötürənlərlə əməkdaşlıq mexanizmləri barədə ətraflı məlumat verib. Sədr müasir əmək bazarında “LinkedIn” platformasının təlim və karyera inkişafı baxımından mühüm rolunu və strateji əhəmiyyətini vurğulayıb.

Seamus Clancy da öz növbəsində bildirib ki, Agentliklə əməkdaşlıq “LinkedIn” platformasının Azərbaycanda müxtəlif hədəf qruplarına daha geniş çatmasına imkan yaradacaq  və onlar birgə layihələrin həyata keçirilməsində maraqlıdırlar.

Görüş çərçivəsində Agentliyin fəaliyyət istiqamətləri nəzərə alınmaqla “LinkedIn” platformasının təlim və karyera inkişafı resursları, hədəf qrupları üçün təqdim etdiyi imkanlar barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, əmək bazarının təhlili və mövcud trendlərin müəyyən olunması sahəsində platformanın analitik imkanları müzakirə edilib. Tərəflər müvafiq resurslardan istifadə və qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində ilkin razılığa gəliblər.