Apple Music striminq xidməti süni intellektdən tam və ya qismən istifadə olunaraq yaradılmış musiqi materiallarının işarələnməsi üçün yeni mexanizm tətbiq edir. Yeni alət platformaya kontent yükləyən səsyazma şirkətləri və distribütorlar üçün nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Qeyd edilir ki, Apple bu məqsədlə əlavə metadata (məlumat etiketləri) sistemi təqdim edir. Bu etiketlər musiqi kompozisiyasının yaradılmasında süni intellekt texnologiyalarından istifadə olunub-olunmadığını göstərməyə imkan verəcək.
Əvvəllər metadataya əsasən standart məlumatlar — trek və albomun adı, janr və ifaçı haqqında məlumat daxil edilirdi. Yeni sistemdə isə yazının ayrı-ayrı elementlərində süni intellektin iştirakını göstərən xüsusi etiketlər əlavə olunacaq.
Gözlənilir ki, bu yenilik həm dinləyicilər, həm də musiqi sənayesinin iştirakçıları üçün daha böyük şəffaflıq yaradacaq. Belə işarələrin tətbiqi məsələsi sosial şəbəkələrdə və internet icmalarında dinləyicilər tərəfindən fəal şəkildə müzakirə olunurdu.
Bununla belə, yeni metadata etiketlərindən istifadə məcburi olmayacaq. Süni intellektdən istifadə olunmasını qeyd edib-etməmək qərarı səsyazma şirkəti və ya distribütorun ixtiyarında qalacaq. Oxşar model Spotify striminq platformasında da tətbiq edilir.
Bir sıra platformalar, o cümlədən Deezer, süni intellektlə yaradılan musiqiləri müəyyən etmək üçün öz audio analiz alətlərindən istifadə etməyə çalışır. Lakin musiqi əsərlərinin yaradılmasında süni intellektin iştirak dərəcəsini dəqiq müəyyənləşdirmək hələ də çətin məsələ olaraq qalır.