10 mart 2026 17:07
112

Bloomberg: Hindistanın dövlət bankı Rusiya neftinə görə ödənişləri emal etməkdən imtina edib

State Bank of India (SBI) Rusiya karbohidrogenlərinin alınmasına görə ödəniş əməliyyatlarını həyata keçirməyi planlaşdırmır.

“İki sahil” xəbər verir ki, məlumatı Bloomberg agentliyi yayıb.

Bildirilir ki, bankın bu qərarı ABŞ tərəfindən verilmiş sanksiya güzəştlərinin nə qədər qüvvədə qalacağı ilə bağlı qeyri-müəyyənlik səbəbindən qəbul olunub. Daha əvvəl ABŞ Hindistana Rusiya neftini almağa müəyyən şərtlərlə icazə vermişdi.

Mənbələrin sözlərinə görə, SBI rəhbərliyi hesab edir ki, belə əməliyyatların həyata keçirilməsi bankı maliyyə və reputasiya riskləri ilə üz-üzə qoya bilər. Buna görə də bank ehtiyatlı mövqe tutur.

Bu yanaşmanın əsas səbəblərindən biri də bankın ABŞ bazarında böyük paya malik olmasıdır. Məlumata görə, 2025-ci ilin sonunda bankın beynəlxalq portfelinin 26%-i ABŞ istiqamətinə düşürdü və bu məbləğ təxminən 75,1 milyard dollar təşkil edirdi.

Bununla belə, ötən ilin sonunda bəzi Hindistan bankları Rusiya neftinin tədarükünün maliyyələşdirilməsi variantlarını nəzərdən keçirməyə hazır olduqlarını bildirmişdilər.