13 mart 2026 10:01
102

Bakı Dövlət Universitetinin tələbələri üçün istehlakçı hüquqları barədə açıq dərs təşkil olunub

Açıq dərs zamanı istehlakçı hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsasları diqqətə çatdırılıb, mövcud qanunvericilik çərçivəsində müdafiəsi mexanizmləri izah edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə keçirilən silsilə maarifləndirmə tədbirləri davam etdirilir. Bu məqsədlə Agentlik tərəfindən Bakı Dövlət Universitetinin tələbələri üçün açıq dərs təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdir müavini Azad Məmmədov və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdir müavini Samir Əliyev “İstehlakçıların əsas hüquqları və onların müdafiə mexanizmləri” mövzusunda təqdimatla çıxış ediblər. Tələbələrə istehlakçı hüquqlarının qorunması üzrə əsas hüquqi alətlər, bu sahədə dövlət nəzarətinin təşkili, eləcə də qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Bundan əlavə, istehlak bazarında pozuntu hallarının qarşısının alınması istiqamətində görülən preventiv təbdirlər və Agentliyin həyata keçirdiyi təşəbbüslər diqqətə çatdırılıb. Qeyd edilib ki, istehlakçıların hüquqi savadlılığının artırılması istehlak bazarında sağlam münasibətlərin formalaşmasına və hüquq pozuntularının aradan qaldırılmasına mühüm töhfə verir.

İnteraktiv formatda keçirilən açıq dərs zamanı tələbələrə təcrübədə rast gəlinən real nümunələr izahlarla birgə təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.