BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası çərçivəsində Qambiya Respublikası və Türkiyə Respublikasının BMT yanında Daimi Nümayəndəliklərinin təşkilatçılığı ilə “Rəqəmsal texnologiyaların qadın hüquqlarına təsiri” mövzusunda yan tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, müzakirələr zamanı gender bərabərliyinin təşviqi, qadınların cəmiyyətin bütün sahələrində iştirakının genişləndirilməsi və rəqəmsal texnologiyaların bu prosesə təsiri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Komitənin sədri Bahar Muradova qadın hüquqlarının qorunmasının və gender bərabərliyinin təşviqinin beynəlxalq gündəliyin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O, qadınların və qızların imkanlarını məhdudlaşdıran sosial və mədəni maneələrin aradan qaldırılmasının əhəmiyyətindən danışıb, erkən və yaxın qohumlar arasında evliliyin qızların təhsilə çıxışına maneə törətdiyini, onların sosial və iqtisadi potensialına mənfi təsir göstərdiyini bildirib.
O, Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması, gender bərabərliyinin təşviqi və qadınların ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bu sahədə yeni milli tədbirlər planının hazırlandığını və növbəti üç ili əhatə edən Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının qəbul edildiyini bildirib. Əlavə edib ki, erkən və yaxın qohumlar arasında evliliyin qarşısının alınması məqsədilə qanunvericilik təkmilləşdirilir, qızların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş layihələr həyata keçirilir.
B.Muradova Prezident İlham Əliyevin qərarı ilə yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının fəaliyyətinə də toxunaraq qeyd edib ki, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi bu qurum innovasiya, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində strateji yanaşmanın formalaşdırılmasına, eləcə də rəqəmsal imkanlardan hamının, o cümlədən qadınların daha geniş faydalanmasının təmin olunmasına xidmət edir.
Dövlət Komitəsinin sədri çıxışında rəqəmsal transformasiyanın qadınların imkanlarının genişlənməsində mühüm rolundan da bəhs edib. Bununla yanaşı, onlayn zorakılıq, kiber təqib və şəxsi məlumatların sui-istifadəsi kimi yeni çağırışların mövcudluğuna diqqət çəkərək, rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunmasının və rəqəmsal savadlılığın artırılmasının vacibliyini vurğulayıb.