Enerji təhlükəsizliyi və enerji ehtiyacı artıq hər ölkə üçün zəruri vəziyyətə gəlib. Bu səbəbdən COP31-in enerji perspektivini Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə müzakirə etdik. Bütün prosesdə yaxın əməkdaşlıq nümayiş etdirəcəyik. Çünki hər bir ölkənin öz enerji ehtiyacını öz daxili imkanları ilə qarşılaya bilməsi, yəni enerji baxımından özünəyetən olması çox vacibdir. Hazırda bütün dünyanın yaşadığı şərait bunu bizə çox aydın şəkildə göstərir.
“İki sahil” xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə” mövzulu paneldə COP31-in sədri və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
Nazir Qlobal Bakı Forumu çərçivəsində hər kəsin öz COP təcrübəsini bölüşə bildiyi mühit yaratdığı üçün Azərbaycana təşəkkür edib: “Biz bu gün də "İki dövlət, tək millət" olmaqdan qürur duyuruq və Azərbaycanda olmaqdan böyük məmnunluq hiss yaşayırıq. Həmçinin qəlbi hər zaman Azərbaycan üçün döyünən Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını, sevgisini bütün azərbaycanlı dostlara və buradakı iştirakçılara çatdırmaq istəyirəm”.
Murat Kurum XIII Qlobal Bakı Forumunun çox kritik bir vaxtda keçirildiyinə diqqət çəkib. Onun sözlərinə görə, dünyada əməkdaşlıq dialoqu sahəsində atılan hər bir addım çox böyük əhəmiyyət kəsb edir. “Bu baxımdan, ortaq fəaliyyətimiz dünyada yalnız iqlim böhranından çıxış yolları axtarışını deyil, həm də qlobal əməkdaşlıq potensialımızı artırmalıdır. Belə bir dövrdə həll yolları artıq bir seçim deyil, zərurətdir”, - deyə nazir vurğulayıb.