13 mart 2026 23:50
101

ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib

Pentaqon İranın hücumlarına qarşı mübarizə aparmaq üçün Yaxın Şərqə Ukraynada hazırlanmış 10 min dron əleyhinə vasitə göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin ordu naziri Den Driskoll "Bloomberg" agentliyinə bildirib.

Onun sözlərinə görə, süni intellekt sistemləri ilə təchiz edilmiş "Merops" pilotsuz uçuş aparatları İrana qarşı əməliyyatın başlamasından sonrakı beş gün ərzində regiona göndərilib.

D. Driskoll aydınlaşdırıb ki, adıçəkilən dronlar "Eagle" təşəbbüsü çərçivəsində qrup halında fəaliyyət göstərmək və məhv ediləcək ən prioritet hədəfləri avtonom şəkildə müəyyən etmək imkanına malik modul platforma kimi layihələndirilib. Layihələndirmə sənədləri və proqram təminatı birbaşa Ukrayna ərazisində hazırlanıb, daha sonra isə seriya istehsalı ABŞ-nin müttəfiq dövlətlərindəki sənaye obyektlərində qurulub. Bu, istehsal obyektlərinə yönələn təhlükələri minimuma endirmək və istehsal sürətini artırmaq məqsədini daşıyır.

Daha əvvəl ABŞ lideri Donald Tramp "Fox News"a müsahibəsində bildirib ki, İranın zərbələrinin dəf edilməsində Amerika tərəfinin Ukraynanın köməyinə ehtiyacı yoxdur.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.