15 mart 2026 10:57
106

Azərbaycan Aİ-nin xüsusi diqqətinə layiqdir - Belçikanın sabiq baş naziri

Azərbaycan təzyiq altında olan regionda sabitlik adası kimi Avropa İttifaqının (Aİ) xüsusi diqqətinə layiqdir.

“İki sahil” xəbər verir ki, bunu Belçikanın sabiq baş naziri İv Leterm XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatın inkişafı üçün böyük imkanlara malikdir.

"Azərbaycanda son 15-20 il ərzində heyranlıq doğuran nailiyyətlər müşahidə olunur. Biz anlamalıyıq ki, Azərbaycanın diqqətini qazanmaq lazımdır. Biz Azərbaycana dialoq aparılması zəruri olan bir tərəfdaş kimi hörmət etməyə borcluyuq", - o bildirib.

İ.Leterm vurğulayıb ki, Aİ Azərbaycana dialoq aparılması zəruri olan tərəfdaş kimi hörmət etməlidir: "Məsələn, biz Azərbaycan kimi bir ölkənin daxili işlərinə qarışaraq qətnamələr qəbul etdiyimiz zaman anlamalıyıq ki, bununla gələcək danışıqlar üçün qapıları bağlayırıq".

O vurğulayıb ki, bu cür müdaxilələrdən sonra enerji tədarükü üzrə yeni razılaşmalar əldə etməyə çalışmaq da səmərəli deyil:

"Biz illər boyunca bir tərəfdən Azərbaycanın daxili işlərinə qarışırıq, ertəsi gün isə gəlib xahiş edirik - "Bizə daha çox qaz sata bilərsinizmi?". Bu, maraqların dəyərlərdən daha böyük əhəmiyyət kəsb etdiyi dünyada işə yaramayan tipik Avropa münasibətidir". (Report)