03 aprel 2026 09:25
115

Kəlbəcər Böyük Qayıdışın təcəssümünə çevrilib

1993-cü ilin aprelin 2-də yurdlarından ağır şəraitdə çıxmağa məcbur qalan rayon sakinləri 33 il sonra - elə həmin təqvim günündə Kəlbəcərə qalib xalqın nümayəndələri kimi qayıdırlar

Prezident İlham Əliyevin ötən il 21 avqust tarixində Kəlbəcər rayonuna səfəri ölkənin müasir siyasi və sosial həyatında mühüm hadisə kimi yadda qaldı. Bu səfər yalnız dövlət başçısının bölgəni ziyarət etməsi deyildi, həm də Böyük Qayıdışın real nəticələrinin, xalqın haqq və ədalət uğrunda apardığı mübarizənin parlaq təcəssümü idi. Prezidentin kəlbəcərlilərlə görüşdə söylədiyi “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözləri, sadəcə, salamlaşma deyildi. Bu ifadə doğma yurda qayıdan insanların qəlbində ümid işığı yandırdı, uzun illərin həsrətini sonlandırdı. 32 ildən sonra öz şəhərinə dönən kəlbəcərlilər üçün bu gün milli yaddaşın ən şərəfli səhifəsinə yazıldı. Dövlətimizin başçısı çıxışında Azərbaycanın haqq mübarizəsini ətraflı izah edərək bildirdi ki, Kəlbəcərin işğalı vaxtilə ölkəmiz üçün böyük strateji təhlükələr doğurmuşdu. Ermənistan və havadarlarının məqsədi Azərbaycanın parçalanmasını təmin etmək, xalqımızı ata-baba torpaqlarından birdəfəlik didərgin salmaq idi. Lakin Azərbaycan xalqının iradəsi, dövlətin qətiyyəti və ordu quruculuğu sahəsində görülən sistemli işlər nəticəsində bu niyyətlər puça çıxdı. 44 günlük Vətən müharibəsi, ardınca 2023-cü ilin sentyabr antiterror əməliyyatı Azərbaycanı qalib dövlətə çevirdi. Bu Qələbə nəticəsində Kəlbəcər bir güllə atılmadan azad edildi. Prezident İlham Əliyev haqlı olaraq vurğuladı ki, bu, həm düzgün siyasi qərarların, həm də xalqın birliyinin nəticəsi idi.

İşğal illərində Ermənistan hər yeri dağıtmış, kəndlərimizi viran qoymuş, təbiətimizi talan etmişdi. Lakin Azərbaycan xalqı dağıntılar içində belə təməli möhkəm olan bir iradəyə sahib idi. Bu gün həmin torpaqlarda mühüm infrastruktur layihələri həyata keçirilir. Prezident İlham Əliyevin “Onlar dağıtdılar, biz isə qurub-yaratdıq” sözləri bu günün reallığını əks etdirir. Bu mənzərə sübut edir ki, Azərbaycan xalqı həm müharibədə qalib gəlib, həm də sülh və quruculuq missiyasını şərəflə həyata keçirir. Qalibiyyətimizi daha da möhkəmləndirən amillər məhz dağıntıların yerində yeni həyat, yeni inkişaf və parlaq gələcəyin qurulmasıdır. Bu gün də Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətin sosial siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyevin Kəlbəcərə səfəri çərçivəsində yeni yaşayış komplekslərinin təməlqoyma mərasimləri, yeni mənzillərin açarlarını sakinlərə təqdim olunması və sosial obyektlərin istifadəyə verilməsi regionun sürətli dirçəlişini göstərir. Kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi, yeni yaşayış komplekslərinin təməli, şəhər parkı və arıçılıq mərkəzinin açılışı bölgənin sosial-iqtisadi həyatına yeni nəfəs gətirib. Qeyd edək ki, birinci mərhələdə Kəlbəcərdə dörd yaşayış kompleksinin inşası planlaşdırılmışdır ki, burada on mindən çox insanın məskunlaşması nəzərdə tutulur. Bundan əlavə, “İstisu” sanatoriyasının və mineral su zavodunun bərpası regionun iqtisadi inkişafına mühüm töhfədir.

Bu gün Kəlbəcər artıq işğaldan əvvəlki vəziyyətə qayıtmır, tamamilə yeni və müasir şəhərə çevrilir. Dövlətin diqqəti, Prezidentin şəxsi nəzarəti ilə görülən işlər kəlbəcərlilərə rahat və təhlükəsiz həyat təmin edir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb. Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülür. Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar. İllərlə məcburi köçkün həyatı yaşayan kəlbəcərlilər üçün bu gün həm kədərli xatirələrin silindiyi, həm də böyük qürurun yaşandığı andır. Sakinlər bildiriblər ki, 1993-cü ilin aprelin 2-də yurdlarından ağır şəraitdə çıxmağa məcbur qaldıqları halda, 33 il sonra — elə həmin təqvim günündə Kəlbəcərə qalib bir xalqın nümayəndələri kimi qayıdırlar. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Kəlbəcər sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Kəlbəcər şəhərinin işğala qədərki son Baş planında ərazisi 130 hektar, əhalisinin sayı isə 7 min 500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min kvadratmetr təşkil edəcək ki, bunun da böyük hissəsi fərdi yaşayış evlərinin, 46 min kvadratmetri isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4 min 250 mənzillə təmin olunması nəzərdə tutulub. Şəhərdə, həmçinin məktəb, uşaq bağçasının, iki xəstəxananın, reabilitasiya mərkəzinin, İşğal və Zəfər muzeylərinin, mehmanxanaların, müxtəlif ictimai-iaşə obyektlərinin və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi tikiləcək. Yaşayış məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Artıq kompleksdə dördmərtəbəli 6 bina, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq.

Ümumiyyətlə, işğaldan azad edilən bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə görülən bərpa-quruculuq işlərinin miqyası böyükdür. Soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı, burada yeni həyata başlaması hər birimizi sevindirir. Dövlətimizin başçısı İlham Əliyevin “Bizim işimiz quruculuqdur” çağırışı Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün nəzərdə tutulan hədəflərin reallıqda öz əksini tapması ilə təsdiqlənir.

Sevinc Azadi, “İki sahil”