07 aprel 2026 21:36
115

Revanşistlər seçkilərə birləşib gedirlər, yoxsa?..

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca hakimiyyət və “ləyaqətli sülh” iddiasında olan radikal-revanşist qüvvələr arasında mübarizə daha da kəskinləşir. Hazırda revanşist qüvvələr öz aralarında müəyyən koalisiyalar da formalaşdırırlar. Hətta bir neçə gün öncə Rusiyaya bağlı milyarder, hazırda ev dustağı olan Samvel Karapetyanın komandası “Samvel Karapetyanla Güclü Ermənistan” alyansını da yaradıb. Müvafiq memorandumu “Güclü Ermənistan” Partiyasının İdarə Heyətinin üzvü Narek Karapetyan, “Yeni Dövr” Partiyasının sədri Harutyun Harutyunyan və “Birləşmiş Ermənilər” Partiyasının fəxri sədri və səlahiyyətli nümayəndəsi Nairi Sarkisyan imzalayıblar. Dörd siyasi qüvvə - "Sabitlik", "Xalq Demokratik Partiyası", "İrs" və "Azadlıq" partiyaları da bu alyansı dəstəklədiklərini bildiriblər. Qeyd etmək lazımdır ki, "Azadlıq" və "İrs" partiyalarının liderləri 2013-cü il prezident seçkilərində əsas müxalifət namizədləri olublar. Ermənistan mətbuatına istinadən bildirək ki, artıq bu alyansın nümayəndələri İrəvan küçələrində gəzir və vətəndaşları ələ almağa çalışırlar. Hətta "Güclü Ermənistan" Partiyasının lideri Samvel Karapetyan xalqa mesaj da göndərib: “Nikola səs verməklə siz yoxsulluq və ruslara qarşı düşmənçilik, qütbləşmə və iqtisadi çöküşlə qarşılaşacaqsınız”.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da Samvel Karapetyanı tərifləyərək onun birləşdirici potensialını vurğulayıb. Onun sözlərinə görə, parçalanmış müxalifəti birləşdirə bilən yeganə qüvvə Samvel Karapetyandır. İşğalçı ölkəni uzun müddət idarə edən Respublika Partiyası isə bu seçkilərdə iştirak etməmək qərarına gəlib. Bu barədə partiyanın sədri, Ermənistanın 3-cü prezidenti Serjik Sarkisyan bu siyasi təşkilatın 18-ci qurultayında bildirib. Sarkisyan seçkilərdə iştirak etməmək qərarının müxalifət meydanında lazımsız parçalanmanın qarşısını almaq istəyi ilə bağlı olduğunu vurğulayıb. O, seçkilərdə bu və ya digər qüvvəni dəstəkləyib-dəstəkləməyəcəyini bildirməyib. Sadəcə vurğulayıb ki, bu gün müxalifətin liderinin “Güclü Ermənistan” olduğuna heç kimin şübhəsi yoxdur. Xocalı canisi Robert Koçaryan da Ermənistan müxalifətinin qarşıdan gələn parlament seçkilərində baş nazirliyə vahid namizədi elan edilib. Yeri gəlmişkən, baş nazir Nikol Paşinyan artıq dəfələrlə bu qüvvələri ölkə adı çəkmədən, amma Rusiyanı nəzərdə tutaraq xarici dövlətlərin agentləri adlandırıb. Bir məsələni də vurğulayaq ki, Samvel Karapetyan Rusiya vətəndaşıdır. Aprelin 1-də Vladimir Putin Nikol Paşinyanla görüşündə Samvel Karapetyanla bağlı məsələyə diqqət çəkərkən deyib ki, biz istərdik ki, Rusiya pasportu olanlar da daxili siyasi proseslərdə iştirak edə bilsinlər.

Bütün bu rusiyayönümlü siyasi qüvvələr yekdil fikirdədirlər ki, mövcud hökumət məğlubiyyətçi və xəyanətkar siyasəti ilə Ermənistanı məhv olmaq həddinə çatdırıb və hələ də yalançı sülhü xalqa qarşı silaha çevirərək, barışmaq, güzəşt etmək və xəyanət etmək yolunu davam etdirir. Halbuki yeni konstitusiya təşəbbüsü ilə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan yaranmış mövcud real vəziyyəti Ermənistanın milli təhlükəsizliyinin əsas təminatı hesab edir. Onun fikrincə, Azərbaycanla artıq əldə olunmuş sülhə bağlı razılaşmaların yenidən "nəzərdən keçirilməsi"nə yönəlmiş cəhdlər Ermənistan üçün olduqca ciddi təhlükəsizlik riskləri yarada bilər. Amma hakim “Vətəndaş Müqaviləsi” Partiyasından bildirilib ki, “yeni qüvvə”nin yaradılması onları əsla qorxutmur.

Sadə ermənilər də bu fikirədirlər. Belə ki, onlar dərk edirlər ki, revanşist düşüncə, qonşulara qarşı saxta iddialar ölkənin bu günü və gələcəyi üçün yaxşı heç nə vəd etmir. Onların hakimiyyətə yiyələnmələri Ermənistanın dövlət kimi mövcudluğunun sonu ola bilər. Bu mənada demək olar ki, sadə ermənilərin əldə olunmuş sülhə sahib çıxacaqları şəksizdir. Siyasətçilərin fikrincə, Paşinyanın sülh prosesi ilə bağlı konkret addımları yenidən seçilmək şanslarını artıra bilər. Amma bütün bunlara rəğmən, indidən yaydakı parlament seçkilərində hansı tərəfin qalib gələcəyi ilə bağlı dəqiq fikir söyləmək çətindir.

Qvami Məhəbbətoğlu, “İki sahil”