08 aprel 2026 09:15
274

Bakı-Tbilisi əlaqələri: Yüksək etimad, qarşılılqlı əməkdaşlıq, ortaq maraqlar

Azərbaycan ilə Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Ölkələrimizi hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə ölkələrimiz arasında strateji tərəfdaşlığın təməli qoyulub. 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəməri işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixracı kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Nəhayət, 2005-ci il mayın 24-25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib.

Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə yükəlməsi, ikitərəfli layihələrin həyata keçirilməsi təkcə ölkələrimiz və region üçün deyil, ümumilikdə Avrasiya üçün çox mühüm əhəmiyyət daşıyır. Bu gün Azərbaycan və Gürcüstan Orta Dəhliz vasitəsilə Avropanı Asiya ilə birləşdirən əsas marşruta çevrilib.

 Azərbaycan ilə Gürcüstan arasında tarixi əlaqələr dövlətlərarası münasibətlər üçün möhkəm zəmindir. Əsrlər boyu dostluq, qardaşlıq, əmin-amanlıq şəraitində yaşayan gürcü və Azərbaycan xalqları bu gün də həmin ənənələri davam etdirirlər. Prezident İlham Əliyev aprelin 6-da Gürcüstana səfəri çərçivəsində Baş nazir İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək: “Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir birimizi dəstəkləyirik. Cənab Baş nazirin qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik. Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir. hər zaman olduğu kimi, bir yerdədir. Əminəm ki, mənim səfərim iki qardaş ölkə arasındakı əlaqələrə yeni təkan verəcək”.

Hazırda Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da münasibətlər yüksək səviyyədədir. Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas tərəfdaşlardan biridir. 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 800 milyon dolları ötüb. Bu günə qədər Azərbaycan Gürcüstana 3,7 milyard dollar sərmayə yatırıb. Ekspertlərin bildirdiyi kimi, Azərbaycanın Gürcüstana 712.7 milyon dollarlıq ixracatının 347.9 milyon dollarlı qeyri neft-qaz məhsullarıdır. Ötən il Azərbaycan Gürcüstana 364.8 milyon dollarlıq enerji məhsulları göndərib. Bununla yanaşı, il ərzində Gürcüstandan 168.7 milyon dollarlıq mal idxal olunub. 2025-ci ildə Azərbaycan Gürcüstan ilə 1002 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirib.

İki ölkə arasında mədəni, humanitar əlaqələr də gündən-günə genişlənir. Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə vardır. Dost ölkədə azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” uşaq teatrı, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyət göstərir. Bu muzey M.F.Axundzadənin, C.Məmmədquluzadənin və N.Nərimanovun ev-muzeylərini özündə birləşdirir.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub. Hazırda muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzində xalçaçılıq, musiqi, o cümlədən muğam, rəsm və dil kursları var. Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir.

Bütün bunların fonunda bir daha demək olar ki, Prezident İlham Əliyevin Gürcüstana starteji tərəfdaşlıq prizmasından müstəsna əhəmiyyət daşıyan növbəti səfəri iki ölkə arasında dostluğa, yüksək etimada, qarşılılqlı əməkdaşlığa, ortaq maraqlara əsaslanan və yüksələn xətlə inkişaf edən əlaqələrin daha da inkişaf etməsinə böyük töhfələr verəcək.

Zahid Rza, “İki sahil”