09 aprel 2026 22:57
115

Şəhərin ritmini pozan tıxaclar: WUF13 öncəsi nə dəyişir?

Ekspert: Səmərəli nəqliyyat sistemi yalnız texnologiya ilə deyil, düzgün strategiya və koordinasiya ilə qurulur

Müasir dövrdə urbanizasiya prosesinin sürətlənməsi ilə paralel olaraq nəqliyyat vasitələrinin sayında müşahidə olunan kəskin artım iri şəhərlərdə tıxac problemini qlobal çağırış səviyyəsinə yüksəldib. Artıq bu problem təkcə gündəlik narahatlıq yaradan amil deyil, eyni zamanda, şəhər iqtisadiyyatına ciddi təsir göstərən struktur məsələsi kimi çıxış edir. Dünya Bankı tərəfindən aparılan araşdırmaların nəticələri də bunu təsdiqləyir. İri şəhərlərdə yol tıxacları nəticəsində yaranan iqtisadi itkilər ÜDM-in 2-4 faizi həcmində qiymətləndirilir. Bu isə onu göstərir ki, nəqliyyatın səmərəli təşkili artıq yalnız infrastruktur məsələsi deyil, həm də iqtisadi dayanıqlılığın mühüm tərkib hissəsidir.

Belə bir şəraitdə meqapolislərdə nəqliyyatın optimal idarə olunması, alternativ marşrutların formalaşdırılması, ictimai nəqliyyatın cəlbediciliyinin artırılması və rəqəmsal həllərin tətbiqi kimi məsələlər qlobal gündəliyin əsas istiqamətlərindən birinə çevrilir. Məhz bu baxımdan paytaxt Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) yalnız şəhərsalma deyil, eyni zamanda, nəqliyyatın idarə olunması sahəsində də mühüm müzakirə platforması kimi diqqət çəkir. Forum çərçivəsində urban inkişafın müxtəlif aspektləri ilə yanaşı, artan nəqliyyat yükünün effektiv tənzimlənməsi məsələlərinin də geniş şəkildə müzakirə olunacağı gözlənilir.

Nəqliyyatın idarəedilməsi sınaq mərhələsində

WUF13-ə hazırlıq mərhələsində həyata keçirilən tədbirlər də göstərir ki, Bakı bu cür iri miqyaslı tədbirlərin təşkilində sistemli və qabaqlayıcı yanaşma nümayiş etdirir. Nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunması məqsədilə müəyyən edilmiş marşrutlar üzrə monitorinqin aparılması, hərəkətin müvəqqəti məhdudlaşdırılması kimi addımlar şəhər logistikasının əvvəlcədən sınaqdan keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər potensial sıxlıqların və risklərin əvvəlcədən müəyyənləşdirilməsinə, operativ idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaradır.

Monitorinqin "Bakı Kristal Zalı", "Fairmont Baku Flame Towers", "Four Seasons Hotel Baku", JW Marriott Absheron Baku, The Ritz-Carlton Baku, Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə etməsi isə onu göstərir ki, əsas yük şəhərin strateji obyektlərinin yerləşdiyi marşrutlar üzərində cəmləşir. Bu da tamamilə məntiqlidir, çünki beynəlxalq tədbir iştirakçılarının əsas hərəkət trayektoriyası məhz bu istiqamətlər üzrə formalaşır.

Sürücülərə əvvəlcədən planlaşdırma çağırışının edilməsi də nəqliyyatın idarə olunmasında ictimai iştirakçılığın vacibliyini ön plana çıxarır. Müasir şəhər idarəetmə modellərində yalnız inzibati tədbirlər deyil, vətəndaşların məlumatlandırılması və davranışlarının koordinasiyası da effektiv nəticənin əldə olunmasında mühüm rol oynayır. Alternativ yollardan istifadə, vaxtında marşrut seçimi və ümumi nəqliyyat intizamı kimi faktorlar bu prosesin ayrılmaz hissəsidir.

Qeyd olunan tədbirlərin son onillikdə Azərbaycanda keçirilən bir sıra beynəlxalq toplantılar ərəfəsində də uğurla tətbiq edilməsi onu göstərir ki, ölkədə bu sahədə artıq müəyyən institusional təcrübə formalaşıb. Bu təcrübə yalnız cari tədbirin uğurlu təşkili üçün deyil, eyni zamanda, gələcəkdə şəhər nəqliyyatı sisteminin daha dayanıqlı və çevik model əsasında qurulması üçün də mühüm baza rolunu oynayır.

Problem təkcə avtomobil sayında deyil

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, müasir şəhərlərdə tıxac probleminin əsas səbəbi yalnız nəqliyyat vasitələrinin sayının artması deyil, ümumilikdə, hərəkət tələbinin düzgün idarə olunmamasıdır. Yaşayış və iş yerləri arasındakı məsafələrin böyüməsi, ictimai nəqliyyat alternativlərinin yetərincə inkişaf etməməsi nəticəsində insanlar daha çox şəxsi avtomobildən istifadə etməyə məcbur qalır.

WUF13-ə hazırlıq çərçivəsində tətbiq olunan nəqliyyat monitorinqi və xüsusi marşrutların təşkili daha çox operativ idarəetmə mexanizmləri kimi qiymətləndirilə bilər. Real vaxt rejimində nəqliyyat axınının izlənməsi və yüklənmiş istiqamətlərdən alternativ marşrutlara yönləndirmə mövcud infrastrukturdan maksimum səmərə ilə istifadəni təmin edir. Bu kontekstdə ağıllı işıqfor sistemləri, radar texnologiyaları və ümumilikdə rəqəmsal nəqliyyat idarəetmə alətlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, məsələ yalnız qısamüddətli idarəetmə tədbirləri ilə məhdudlaşmamalıdır. Şəhərsalma siyasəti və nəqliyyat infrastrukturunun planlaşdırılması uzunmüddətli və dayanıqlı yanaşmalar əsasında qurulmalıdır. İctimai nəqliyyatın prioritetləşdirilməsi bu istiqamətdə əsas şərtlərdən biridir. Avtobuslar üçün ayrılmış xüsusi zolaqların genişləndirilməsi, metro və dəmir yolu şəbəkəsinin inkişaf etdirilməsi, ümumilikdə, alternativ nəqliyyat imkanlarının artırılması şəxsi avtomobildən asılılığı azaltmağa xidmət edir.

Şəhərlərin gələcəyi: Koordinasiya və strateji baxış

E. Cəfərov onu da qeyd etdi ki, bu tədbirlərin effektiv olması üçün idarəetmə çevik və koordinasiyalı olmalıdır. Şəhərsalma siyasəti isə yalnız bugünkü tələbatı deyil, gələcək inkişaf perspektivlərini də nəzərə alaraq formalaşdırılmalıdır. WUF13 çərçivəsində nəqliyyat axınının monitorinqi və marşrutların optimallaşdırılması istiqamətində atılan addımlar düzgün yanaşmadır. Lakin davamlı nəticə əldə etmək üçün kompleks və sistemli tədbirlərin paralel şəkildə həyata keçirilməsi vacibdir. Nəticə etibarilə, şəhər mühitində hərəkətin səmərəli təşkili yalnız texnoloji həllərlə deyil, eyni zamanda, düzgün şəhər planlaşdırması və ictimai nəqliyyatın gücləndirilməsi ilə mümkündür. Şəhər modelləri praktik müstəvidə tətbiq edilməli, şəhər mühitində hərəkət hər kəs üçün əlçatan və rahat olmalıdır.

Nigar Orucova, "İki sahil"