Dünyamızın qlobal siyasi arxitekturasının yenidən formalaşdığı, yeni çoxqütblü dünya düzəninin daha da dərinləşdiyi bir dövrdə dövlətlər öz maraqlarını təmin etmək və beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün çoxvektorlu siyasət həyata keçirirlər. Dördüncü sənaye inqilabının yaratdığı yeni texnoloji çağırışlar, dəyişən iqtisadi-siyasi güc balansı ölkələrin daha çevik və əhatəli xarici siyasət aparmasını zəruri edir. Bu məcrada, Azərbaycan Respublikasının son illərdə Avropa qitəsi ölkələri ilə, o cümlədən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə hər zaman qarşılıqlı hörmət və etimad üzrərində münasibəti xüsusi strateji önəm daşıyır.
Ümumiyyətlə Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında münasibətlər müstəqillik tariximizin ilk günlərindən etibarən strateji maraqlar və sarsılmaz tərəfdaşlıq prinsipləri üzərində qurulmuşdur. Ölkəmizin dövlət müstəqilliyini 26 dekabr 1991-ci il tarixində tanıyan ilk dövlətlərdən biri olan Böyük Britaniya Azərbaycanın suverenliyinə və iqtisadi dirçəlişinə hər zaman böyük dəstək göstərmişdir.
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə, o cümlədən daimi siyasi dialoq, güclü iqtisadi gündəm və intensiv mədəniyyət və təhsil mübadilələri də daxil olmaqla yüksək səviyyədə əməkdaşlıq mövcuddur.
Bu əməkdaşlığın ən parlaq səhifəsi Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə açılıb. Həmin tarixi neft sazişinin icrasında Böyük Britaniya şirkətlərinin, xüsusilə də əsas əlaqələndirici operator qismində çıxış edən British Petroleum (BP) şirkətinin rolu danılmazdır. Bununla yanaşı, neft gəlirlərinin şəffaf idarə olunması və gələcək nəsillər üçün qorunması məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılması, habelə institusional inkişafı prosesində də Britaniya təcrübəsi və əməkdaşlığı mühüm töhfə olub.
Həyata keçirilən ardıcıl siyasətin məntiqi davamı olaraq, 2018-ci ildə Prezident İlham Əliyevin Böyük Britaniyaya rəsmi səfəri zamanı Baş nazir Tereza Meyin iştirakı ilə "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yeni sazişin imzalanması, yəni neft sazişinin uzadılması iki ölkə arasındakı enerji tərəfdaşlığını XXI əsrin ortalarına qədər möhkəmləndirdi.
Qeyd edim ki, keçən müddət ərzində Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 34 milyard ABŞ dolları sərmayə qoyub ki, bu da Azərbaycana qoyulan bütün xarici investisiyaların təxminən 50%-ni təşkil edir.
Ümumiyyətlə bu günə qədər iki ölkə arasında 25-dən çox sənəd imzalanmışdır. Bu günlərdə isə bu dərin tarixi təməl üzərində ikitərəfli əlaqələrimiz keyfiyyətcə tamamilə yeni – Strateji Tərəfdaşlıq mərhələsinə qədəm qoyur. Cari ilin 12 noyabr tarixində Dublin şəhərində Avropa Siyasi Birliyinin 9-cu Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" dövlətlərarası münasibətlərin tarixində yeni bir dönüş nöqtəsi oldu. 1994-cü il 23 fevral tarixli "Dostluq və Əməkdaşlıq haqqında" və 1998-ci il 21 iyul tarixli "Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında" Birgə Bəyannamələrin ruhuna sadiq qalan bu sənədi, həm də müasir qlobal çağırışlara cavab verən genişmiqyaslı yol xəritəsi adlandırmaq olar.
Bəyannamənin siyasi və beynəlxalq hüquqi əhəmiyyəti xüsusi diqqətəlayiq məqamdır. Belə ki, sənəddə BMT Nizamnaməsinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinin bir daha təsdiqlənməsi Azərbaycanın prinsipial mövqeyinə verilən yüksək dəyərin göstəricisidir. Eyni zamanda, Bəyannamədə 2025-ci il 8 avqust tarixli Vaşinqton Bəyannaməsinin önəminin qeyd olunması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sülh addımlarının alqışlanması və Böyük Britaniyanın Cənubi Qafqazda davamlı sülhə verdiyi ardıcıl dəstək regionumuzun gələcək təhlükəsizliyi baxımından olduqca mühümdür.
Sənəd özündə ikitərəfli əməkdaşlığın üç əsas strateji istiqamətini müəyyənləşdirir: Müdafiə və təhlükəsizlik; ticarət, investisiya və yaşıl enerji keçidi; təhsil, elm və rəqəmsal transformasiya.
İlk növbədə hər iki ölkə regional sabitliyi qorumaq, ortaq təhdidləri neytrallaşdırmaq üçün müdafiə sənayesi, təlim və potensialın artırılması sahələrində birgə təşəbbüsləri genişləndirirlər. Hüquq-mühafizə, sərhəd idarəçiliyi və məhkəmə-hüquq sahələrində tərəfdaşlığın dərinləşdirilməsi institusional dayanıqlılığa və qanunun aliliyinə xidmət edir.
Eyni zamanda, ənənəvi neft-qaz sektorundan kənara çıxaraq, bərpaolunan enerji, yaşıl maliyyələşdirmə və KOB-ların inkişafı əsas prioritetə çevrilir. Xüsusilə Orta Dəhlizin inkişafına və regional nəqliyyat-logistika bağlantılarına verilən dəstək Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir.
Son olaraq sənəddə rəqabətədavamlı iqtisadiyyatın təməli kimi ali və peşə təhsili, süni intellekt, rəqəmsal idarəetmə və həyat elmləri sahələrində universitetlər, tədqiqat institutları arasında əlaqələrin genişləndirilməsi, eləcə də icmalararası və insanlararası mübadilələrin təşviqinə dair məqamların yer alması elm sahəsində də böyük imkanlar açır.
Beləliklə, 30 ildən artıq müddətdə "Əsrin müqaviləsi" ilə sınaqdan çıxmış etibarlı enerji tərəfdaşlığı bu gün müdafiə, yaşıl iqtisadiyyat, nəqliyyat bağlantıları və yüksək texnologiyaları əhatə edən hərtərəfli Strateji Tərəfdaşlığa çevrilmişdir. İmzalanmış Bəyannamə həm iki ölkə xalqlarının rifahına, həm də bütövlükdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəkdir.
#PresidentIlhamAliyev met with Prime Minister of the United Kingdom of Great Britain and Northern Ireland @andyburnham in #Dublin Signed copies of the “Joint Declaration on Strategic Partnership between the #Azerbaijan and the #England @Milli_Majlis https://t.co/3OiVI6pyXg https://t.co/ZLNsgBg3GF
— Mezahir Efendiyev (@MezahirEfendi) November 14, 2026
Məzahir Əfəndiyev,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dublin-Bakı xətti: Azərbaycanın Avropada etibarlı dialoq tərəfdaşı kimi güclənən statusu
Azərbaycanın artan beynəlxalq nüfuzu və Böyük Britaniya ilə strateji tərəfdaşlıq