15 noyabr 2026 15:28
176

Azərbaycan–Böyük Britaniya: Strateji dialoqdan çoxşaxəli tərəfdaşlığa

Azərbaycan Respublikasının xarici siyasətində Avropa dövlətləri ilə ikitərəfli münasibətlərin inkişafı, siyasi dialoqun genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Azərbaycanın Avropa məkanında əsas tərəfdaşlarından biri kimi xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında uzun illər ərzində formalaşmış siyasi etimad, iqtisadi əlaqələr və enerji sahəsində əməkdaşlıq münasibətlərin strateji xarakter almasına zəmin yaratmışdır.

Birləşmiş Krallıq 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci ildə qurulmuşdur. Birləşmiş Krallığın Azərbaycan Respublikasındakı Səfirliyi 1993-cü ildə, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı Səfirliyi isə 1994-cü ildə fəaliyyətə başlamışdır.

2016-cı ildə Azərbaycan Respublikasının və Birləşmiş Krallığın xarici işlər nazirlikləri arasında Strateji Dialoq mexanizmi yaradılmışdır. Sözügedən mexanizm çərçivəsində sonuncu iclas 2023-cü ilin iyun ayında Londonda keçirilmişdir.

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır.

Bəyannamə iki ölkə arasında formalaşmış uzunmüddətli dostluq və əməkdaşlıq münasibətlərinə, eləcə də 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməyə və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslanır. Sənəd mövcud əməkdaşlıq istiqamətlərini daha geniş siyasi çərçivədə birləşdirməklə yanaşı, gələcək tərəfdaşlığın prioritetlərini və qarşılıqlı öhdəliklərini müəyyənləşdirir.

Yeni sənəddə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin xüsusi vurğulanması Azərbaycanın xarici siyasətinin fundamental prinsipləri ilə uzlaşır. Bu yanaşma beynəlxalq münasibətlər sistemində dövlətlərin ərazi bütövlüyünün və suveren hüquqlarının qorunmasının əhəmiyyətini bir daha ön plana çıxarır.

Bəyannamənin siyasi baxımdan diqqətçəkən digər müddəası 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin vurğulanmasıdır. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişlərin alqışlanması Böyük Britaniyanın regionda davamlı sülhün təmin edilməsinə siyasi dəstəyini nümayiş etdirir. Bu, eyni zamanda, Cənubi Qafqazda sabitliyin və əməkdaşlıq mühitinin formalaşmasının beynəlxalq tərəfdaşlar üçün də əhəmiyyətli olduğunu göstərir.

Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın ayrıca istiqamət kimi müəyyənləşdirilməsi iki ölkə arasındakı münasibətlərin yalnız siyasi və iqtisadi müstəvi ilə məhdudlaşmadığını göstərir. Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi rəqabətin, regional münaqişələrin, transsərhəd təhdidlərin və qeyri-ənənəvi təhlükəsizlik risklərinin artması dövlətlər arasında təhlükəsizlik sahəsində koordinasiyanın əhəmiyyətini daha da artırır.

Bu kontekstdə Azərbaycan və Böyük Britaniya arasında müdafiə təlimləri, hərbi potensialın gücləndirilməsi, təcrübə mübadiləsi və müdafiə sənayesi üzrə əməkdaşlıq imkanlarının araşdırılması xüsusi əhəmiyyət kəsb edir. Belə təşəbbüslər tərəflərin institusional və texniki imkanlarının inkişafına, eləcə də təhlükəsizlik çağırışlarına daha çevik reaksiya verməsinə xidmət edəcək.

Sənəddə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın, sərhəd idarəçiliyinin və hüquqi sahədə qarşılıqlı fəaliyyətin gücləndirilməsinin nəzərdə tutulması təhlükəsizlik anlayışına kompleks yanaşmanı əks etdirir. Burada məqsəd yalnız hərbi təhlükəsizlik imkanlarını artırmaq deyil, həm də hüququn aliliyini və dövlət institutlarının dayanıqlılığını möhkəmləndirməkdir.

Bununla yanaşı, çoxtərəfli platformalarda əməkdaşlıq niyyətinin ifadə olunması tərəflərin beynəlxalq təhlükəsizlik məsələlərində ortaq maraqlar əsasında fəaliyyət göstərmək perspektivlərini genişləndirir.

Azərbaycan-Böyük Britaniya münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Xüsusilə enerji sektoru iki ölkə arasında iqtisadi əlaqələrin formalaşmasında mühüm rol oynamışdır. Bununla belə, yeni Bəyannamədə əməkdaşlığın bərpaolunan enerji, nəqliyyat, logistika, maliyyə, infrastruktur və xidmətlər kimi müxtəlif sahələri əhatə etməsi iqtisadi münasibətlərin daha geniş əsaslar üzərində inkişaf etdirilməsinə yönəlmiş yanaşmanı ortaya qoyur.

Sənəddə ikitərəfli ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, bizneslərarası münasibətlərin təşviqi və yeni kommersiya tərəfdaşlıqlarının yaradılması əsas iqtisadi prioritetlər kimi müəyyən edilir. Bu baxımdan Böyük Britaniyanın maliyyə, texnologiya və xidmət sektorlarında təcrübəsi, Azərbaycanın isə əlverişli coğrafi mövqeyi, enerji resursları və regional nəqliyyat imkanları qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş potensial yaradır.

Bəyannamədə Orta Dəhlizin inkişafına xüsusi diqqət yetirilməsi Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Asiya ilə Avropa arasında alternativ və etibarlı nəqliyyat bağlantılarının inkişafı beynəlxalq ticarətin şaxələndirilməsinə, tranzit imkanlarının genişlənməsinə və regionun iqtisadi əhəmiyyətinin artmasına xidmət edir. Bu prosesdə Böyük Britaniya ilə əməkdaşlıq investisiya, logistika infrastrukturu və müasir nəqliyyat həlləri baxımından yeni imkanlar yarada bilər.

Digər mühüm istiqamət enerji keçidi və iqlim siyasətidir. Bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyaların tətbiqi üzrə əməkdaşlıq Azərbaycanın enerji siyasətinin şaxələndirilməsi məqsədləri ilə uzlaşır. Eyni zamanda, maliyyə və kapital bazarları sahəsində təcrübə mübadiləsi, kiçik və orta biznesin inkişafına dəstək iqtisadi əlaqələrin daha dayanıqlı xarakter almasına imkan verə bilər.

Bu istiqamətdə Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Komissiya iqtisadi prioritetlərin əlaqələndirilməsi, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə təşəbbüslərin praktiki nəticələrə çevrilməsi üçün mühüm institusional platforma rolunu oynayacaq.

Bəyannamənin diqqətçəkən istiqamətlərindən biri də təhsil, elm, innovasiya və insan kapitalının inkişafına xüsusi yer ayrılmasıdır. Bu yanaşma müasir beynəlxalq münasibətlərdə dövlətlərarası əməkdaşlığın həm də bilik, texnologiya və insan resurslarının inkişafı ilə müəyyənləşdiyini göstərir.

Böyük Britaniyanın ali təhsil, elmi tədqiqat və innovasiya sahəsində geniş təcrübəsi Azərbaycan üçün bu istiqamətlərdə əməkdaşlıq imkanlarını artırır. Ali təhsil müəssisələri, tədqiqat institutları və sənaye nümayəndələri arasında tərəfdaşlıqların genişləndirilməsi bilik və texnologiya transferinə, elmi potensialın gücləndirilməsinə və müasir əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına töhfə verəcək.

Süni intellekt, rəqəmsal idarəetmə, həyat elmləri və yeni texnologiyalar üzrə təcrübə mübadiləsinin nəzərdə tutulması xüsusilə əhəmiyyətlidir. Çünki rəqəmsal transformasiya artıq dövlət idarəçiliyinin səmərəliliyinə, iqtisadi rəqabət qabiliyyətinə və milli təhlükəsizlik imkanlarına birbaşa təsir göstərən amilə çevrilmişdir.

Peşə təhsili, rəqəmsal bacarıqlar və dövlət sektorunda kadr hazırlığı üzrə əməkdaşlıq da xüsusi perspektivə malikdir. Bu sahədə birgə proqramların həyata keçirilməsi dövlət idarəçiliyində institusional potensialın artırılmasına və yeni iqtisadi çağırışlara uyğun insan kapitalının formalaşdırılmasına xidmət edə bilər.

Bununla yanaşı, insanlararası əlaqələrin və peşəkar şəbəkələrin inkişafına verilən önəm ikitərəfli münasibətlərin ictimai əsaslarının möhkəmləndirilməsinə yönəlmişdir. Mədəniyyət, təhsil və peşəkar mübadilə proqramları qarşılıqlı anlaşmanın dərinləşməsinə və uzunmüddətli əməkdaşlıq mühitinin formalaşmasına şərait yaradır.

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkələrimiz arasında mövcud münasibətlərin yeni siyasi və institusional çərçivəyə keçidini ifadə edir. Sənədin əhatə etdiyi müdafiə və təhlükəsizlik, ticarət və investisiya, enerji, nəqliyyat, təhsil və innovasiya istiqamətləri tərəfdaşlığın çoxşaxəli xarakterini nümayiş etdirir.

Bəyannamənin əhəmiyyəti yalnız mövcud əməkdaşlıq sahələrinin genişləndirilməsi ilə məhdudlaşmır. Sənəd Azərbaycanın regional və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadi imkanlarının şaxələndirilməsi, insan kapitalının inkişafı və beynəlxalq tərəfdaşlıqlarının dərinləşdirilməsi baxımından da mühüm perspektivlər yaradır.

Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin gələcək inkişafı üçün mühüm siyasi yol xəritəsi olmaqla yanaşı, iki ölkə arasında strateji əməkdaşlığın daha praktik və nəticəyönümlü mərhələyə keçməsi üçün əsas yaradır.

Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini