14 aprel 2026 22:16
176

AZƏRBAYCAN QADINININ MİLLİ ETALONU: AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA

Azərbaycan xalqının çoxminillik tarixində qadın obrazı hər zaman ləyaqət, zəka və fədakarlıq simvolu olmuşdur. Lakin XX əsr Azərbaycan elmi və ictimai-siyasi fikir tarixində akademik Zərifə xanım Əliyevanın siması daha fərqli, təkmil, çoxşaxəli və unikal bir hadisədir. O, təkcə görkəmli oftalmoloq-alim deyil, həm də böyük bir dövlətçilik məktəbinin mənəvi sütunu, elmi təfəkkürlə humanist dəyərləri birləşdirən nadir şəxsiyyətdir.

Zərifə xanım Əliyevanın elmi fəaliyyəti Azərbaycan tibb elmini qlobal müstəviyə çıxaran əsas amillərdən biri olmuşdur. Onun elmi yaradıcılığı sadəcə nəzəriyyə deyil, insanların həyat keyfiyyətini birbaşa yaxşılaşdıran praktiki həllər üzərində qurulmuşdu. O, dünyada ilk dəfə olaraq peşə oftalmologiyasının əsasını qoymuş, sənaye müəssisələrində çalışan insanların görmə qabiliyyətinin qorunması üçün fundamental tədqiqatlar aparmışdır. Dövrün ən qorxulu xəstəliklərindən olan traxomanın ləğvi üçün Zərifə xanımın hazırladığı metodologiya tibb elmində inqilabi addım hesab edilir. O, öz nurlu ömrünü oftalmologiyaya həsr edib, peşə patologiyası, qlaukoma ilə yanaşı oftalmologiyanın bir sıra digər aktual məsələlərini də araşdırıb. 1960-cı ildə Zərifə xanımın traxoma xəstəliyi ilə mübarizədə təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və həmin dövrdə Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.

1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Tibbi Tədqiqatlar İnstitutunda elmi karyerasına başlayan Zərifə xanımın alim kimi böyük nailiyyətləri Azərbaycanın tibb elmi tarixində ayrıca bir fəsil təşkil edir. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olan laboratoriyanın – 1979-cu ildə Fiziologiya İnstitutunda görmə orqanının fiziologiyası və peşə patologiyasının öyrənilməsi üçün ixtisaslaşmış tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünün müəllifi olan Zərifə xanım eksperimental tədqiqatlar vasitəsilə aşağı intensivlikli peşə təhlükələrinin görmə orqanına təsirinin əsas qanunauyğunluqlarını aydınlaşdırmağa nail olmuşdur. Tanınmış alim yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasına da mühüm töhfələr verib. Bu gün onun elm sahəsindəki davamçıları onun irsindən faydalanırlar.

Əməkdar elm xadimi Zərifə xanım Əliyeva təxminən 200 elmi məqalənin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təklifin müəllifi olub. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən xanım akademikin bundan iki il əvvəl, 1981-ci ildə oftalmologiya sahəsindəki müstəsna xidmətlərinə görə keçmiş SSRİ-nin Tibb Elmləri Akademiyasının tibbin bu sahəsində ən nüfuzlu – M.İ.Averbax mükafatına layiq görülməsi onun beynəlxalq elmi miqyasının təsdiqi idi. Zərifə xanım bu mükafata layiq görülən ilk qadın alim idi.

Öz elmi fəaliyyətinin ən məhsuldar və intensiv dövründə belə Zərifə Əziz qızı həkimlik fəaliyyəti ilə də məşğul olurdu: bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik, onun fəaliyyəti yalnız öz klinikasına sığmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı, o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparırdı. Zərifə xanım üçün həkimlik sadəcə bir ixtisas deyil, yüksək mənəvi missiya idi. Onun məşhur həkimlərin etik davranışları haqqındakı mülahizələri bu gün də aktualdır. “Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı” əsərində akademik həkim və xəstə arasındakı münasibətləri psixoloji və fəlsəfə müstəviyə çıxarmışdır. Onun fikrincə, həkimin ən böyük silahı onun biliyi ilə yanaşı, həm də xəstəyə ötürdüyü ümid və şəfqətdir. O, öz həkimlik və tibbi-pedaqoji fəaliyyətində “peşəkar vicdan” anlayışını tibb təhsilinin mərkəzinə qoymuşdur. “Həkim xəstənin ən doğma adamıdır” və “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə-eşiyinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatıdır”, – fikirlərinin müəllifi olan Zərifə xanım Əliyeva sözün həqiqi mənasında humanizmin və yüksək insanlıq keyfiyyətlərinin daşıyıcısı olan böyük insan və həkim etalonunun ən nümunəvi mücəssəməsi idi.  

Zərifə xanım Əliyevanın obrazını tamamlayan ən mühüm cəhətlərdən biri onun humanizmi və təmənnasız xeyriyyəçilik fəaliyyətidir. O, tibb elminin zirvəsində dayanan bir alim olmaqla yanaşı, həm də xalqın dərdinə şərik olan, hər bir fərdin problemini özününküləşdirən “mənəvi ana” obrazı idi. Zərifə xanım üçün xəstənin sosial statusu və ya maddi imkanı heç bir əhəmiyyət kəsb etmirdi. O, ölkənin ən ucqar kəndlərinə, sənaye müəssisələrinə gedərək minlərlə insanı təmənnasız müayinə və müalicə edirdi. O, zavod və fabriklərdə, zərərli istehsalat sahələrində işçilərin yanına gedir, onların görmə qabiliyyətini itirməməsi üçün yerindəcə tibbi briqadalar təşkil edirdi. Bu, sadəcə elmi tədqiqat deyil, bir insanın, əsl həkimin digərinə göstərdiyi ən böyük mənəvi yardım idi. Görmə qabiliyyətini itirmək təhlükəsi ilə üzləşən insanlar üçün Zərifə xanım həm də mənəvi xilaskar idi. O, əməliyyat etdiyi xəstələrin sonrakı taleyi ilə də maraqlanır, onlara həm həkim, həm də bir xeyriyyəçi kimi dəstək olurdu. Onun xeyriyyəçiliyi təkcə maddi yardımla deyil, həm də “mənəvi xeyriyyəçilik”lə bağlı idi. Zərifə xanımın xeyriyyəçilik fəaliyyətinin ən nəcib tərəfi onun bunu səssiz və nümayişsiz etməsi idi. O, yanına kömək üçün gələn heç kimi naümid qaytarmazdı. İstər xəstəliklə bağlı, istərsə də məişət problemləri ilə bağlı müraciət edən şəxslərə əlindən gələn köməyi göstərərdi. Birinci xanım və nüfuzlu bir alim kimi imkanlarından istifadə edərək bir çox insanların təhsil almasına, işlə təmin olunmasına və müalicə xərclərinin qarşılanmasına gizli şəkildə dəstək verirdi. Onun xeyriyyəçilik fəaliyyətində uşaqlar, xüsusən də kimsəsiz və xəstə uşaqlar xüsusi yer tuturdu. Göz qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsil alması üçün yaratdığı imkanlar bu gün də Azərbaycanın sosial siyasətinin əsas istiqamətlərindən biridir.

Akademik Zərifə Əliyevanın portretində alim ciddiliyi ilə ana şəfqəti bir-birini tamamlayan iki ayrılmaz hissədir. Onun xeyriyyəçiliyi ucuz şöhrətə deyil, dərin daxili ehtiyaca söykənirdi. Zərifə xanım təmənnasız yardımın ən ali formasını – insana itirdiyi dünyanı (görmə qabiliyyətini) geri qaytarmaqla nümayiş etdirirdi. O, təkcə gözlərin cərrahı deyil, həm də yaralı qəlblərin təsəllisi idi. Onun həyat fəlsəfəsi “yaşatmaq və nur bəxş etmək” üzərində qurulmuşdu ki, bu da onu xalqın yaddaşında əbədi yaşadan ən böyük sərvətdir. O, bütün gənc həkimlərə hər zaman xəstəyə təmənnasız yanaşmağı, onlara ailə üzvü kimi baxmağı aşılayırdı. Zərifə xanım dönmədən təlqin edirdi ki, həkimlik peşəsi mənfəət üzərində deyil, şəfqət üzərində qurulmalıdır. Onun “Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı” əsərində bu fəlsəfə qırmızı xəttlə keçir: “Həkimin xəstəyə verdiyi ümid, yazdığı dərmandan daha təsirlidir”.

Zərifə xanım Əliyeva Azərbaycanın müasir dövlətçilik tarixinin ən parlaq simalarından olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və silahdaşı kimi də siyasi tariximizdə xüsusi çəkiyə malikdir. O, 1969-1985-ci illərdə Azərbaycanın dövlət başçısı və keçmiş SSRİ rəhbərliyində mühüm vəzifələrdə təmsil olunmuş Ulu Öndərin siyasi və dövlətçilik fəaliyyətində ən etibarlı mənəvi arxa, Azərbaycan cəmiyyətində isə intellektual qadın hərəkatının lideri idi. Heydər Əliyev və Zərifə xanım tərəfindən təməli qoyulmuş ailə modeli müasir Azərbaycan dövlətçiliyinin dəyərlər sistemində mühüm yer tutur – bu, güclü dövlətçiliklə güclü milli-mənəvi dəyərlərin sintezi kimi çox vacib bir institusional modeldir. Ümummilli Lider Heydər Əliyev Zərifə xanım Əliyevanı daim böyük qədirbilənliklə yad edərək deyirdi: “…Mənim üçün o, birinci növbədə, böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır”. 

Zərifə xanım milli kimliyi ilə modernizmi birləşdirən “ideal Azərbaycan qadını” obrazını formalaşdırmışdır. O, elmdə akademiklik zirvəsinə ucalmasına baxmayaraq, hər zaman sadəliyi, təvazökarlığı və kübarlığı ilə seçilirdi. Görkəmli dövlət xadimi Əziz Əliyevin ocağında formalaşan tərbiyəni özündə yaşadan Zərifə xanım, bu nəcabəti gələcək nəsillərə –  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında müasir dövlət idarəçiliyinə ötürən mənəvi körpüdür.

Akademik Zərifə Əliyevanın ömür yolu “işığa xidmət” fəlsəfəsi üzərində qurulmuşdur. O, həm tibbi fəaliyyəti ilə minlərlə insanın gözlərinə işıq bəxş etmiş, həm də öz mənəvi dünyası ilə cəmiyyətimizin yoluna nur səpmişdir. Bu gün onun elmi məktəbi yaşayır, ideyaları Azərbaycan elminin və təhfələri isə dövlətçiliyimizin gələcək inkişafı üçün sönməz bir məşəl rolunu oynayır.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent