14 aprel 2026 20:35
181

Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq - TƏHLİL

Dövlət başçısı İlham Əliyev, eyni zamanda, bildirir ki,  əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik

Azərbaycanın malik olduğu üstünlüklər, təcrübələr dövlət başçısı İlham Əliyevin çıxışlarında, müsahibələrində hər zaman xüsusi qeyd edilir. Prezident İlham Əliyev ölkəmizin sülh təcrübəsi ilə yanaşı, digər vacib  təcrübə enerji təhlükəsizliyindən, həmçinin nəqliyyat bağlantılarından geniş bəhs edir. Təbii ki, buna əsas verən dövlətimizin uğurlu, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində malik olduğu enerji resurslarından səmərəli istifadəsi, eyni zamanda, yerləşdiyi coğrafi məkandır. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan ölkələri, xalqları, müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirərək dostluq körpüsü rolunu daha da möhkəmləndirir.

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələrin davamlılığı Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarıdır. İqtisadiyyatın inkişafında neft amilinə verilən önəm bugünkü uğurlara geniş yol açdı. Bu reallıq hər zaman qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Amma həmin resurslar onlara heç də uğur gətirməyib. Lakin Azərbaycanın enerji resurslarından səmərəli istifadə təcrübəsu bu gün nəinki ölkəmizin, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycanın 16 ölkəyə qaz ixraclndan bəhs edirik. Bu fikri də böyük əminliklə vurğulayırıq ki, bu, con rəqəm deyil. Azərbaycanın böyük  qaz ehtiyatı, hazırkı dövrdə  günün əsas çağırışları sırasında yer alan bərpaolunan enerji  potensialı qarşıya qoyulan hədəfə yüksək səviyyədə nail olmağa stimul verir. Son illər keçirilən enerji sammitlərinə diqqət yetirsək görərik ki, müzakirə mövzusu yaşıl enerjiyə keçid və bu sahəyə investisiya yatırımlarını təmin etməkdir. Azərbaycan 2024-cü ildə dünyanı Bakıya toplayaraq COP29 iqlim konfransına ev sahibliyi etməklə  bu sahədə zəngin potensiala və təcrübəyə malik olduğunu nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın mühüm təcrübəsi olan enerji təhlükəsizliyindən geniş bəhs edərək bildirir ki, bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı  ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il Azərbaycandan  qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkələr üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.

Enerji təhlükəsizliyi beynəlxalq münasibətlər sistemində  hər bir ölkənin  geosiyasi mövqeyini, regional təsir imkanlarını və beynəlxalq etibarlılığını müəyyən edən əsas amillərdən biri kimi önə çəkilir. Azərbaycan bu gün etibarlı və arzuolunan tərəfdaş kimi  dünyanın diqqətindədir. Azərbaycanın ikitərəfli əlaqələrinin gündəliyindən bəhs edərkən enerji  amili xüsusi qeyd edilir. Hər bir ölkə Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduğunu  xüsusi qeyd edir. Azərbaycandan qaz idxal edən 16 ölkədən  (Gürcüstan, Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya)  13-ü Avropa ölkəsidir, o cümlədən 10 ölkə Avropa İttifaqının üzvüdür. Artıq Azərbaycan qazı Mərkəzi və Şərqi Avropa ilə yanaşı, Qərbi Avropa bazarına da daxil olmaqdadır. Bu kimi faktlar Azərbaycanın  Avropanın enerji təhlükəsizliyində rolunu bir daha təsdiqləyir. Onu da qeyd edək ki, 2022-ci ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində  imzalanmış Strateji  Tərəfdaşlıq sənədi əməkdaşlığın yeni mərhələsinin təqdimatı oldu. Razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya illik tədarük həcminin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə mövcud boru kəmərlərinin ötürmə qabiliyyətinin artırılması istiqamətində ardıcıl işlər aparılır.

Enerji təhlükəsizliyinin təmin edilməsini şərtləndirən amillərdən  biri regional sabitlikdir. Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Azərbaycan 30 il regionda dayanıqlı inkişafın təmin edilməsinə böyük maneə olan Qarabağ münaqişəsinin  sülh danışıqları əsasında nizamlanmasına səylər göstərdi. Aparılan sülh  danışıqlarının səmərə verməməsi təbii ki, Ermənistanın  məsələnin həllində maraqlı olmamasından, həmçinin ona havadarlıq edən dövlətlərin münaqişənin həllinə deyil, dondurulmasına çalışdıqlarından irəli gəldi. Azərbaycan sülhün və suverenliyin təmin edilməsini qarşıya əsas hədəf kimi qoydu və buna nail oldu. Bu gün dünya Azərbaycanın sülh təcrübəsindən bəhs edir. Tarixi Zəfərə və suverenliyinin bərpasına nail olan Azərbaycan regionda dayanıqlı sülhün təmin edilməsi üçün Ermənistana sülh təklifini etdi. Ötən ilin avqustunda bu hədəfə də yüksək səviyyədə nail olduq. Belə ki, 2025-ci il avqustun 8-də ABŞ-ın iştirakı ilə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh müqaviləsi regionda yeni təhlükəsizlik modelinin  formalaşmasını şərtləndirdi. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası, enerji və logistika kommunikasiyalarının açılması regionun geoiqtisadi potensialını əhəmiyyətli dərəcədə artırır. Zəngəzur dəhlizinin (TRIPP layihəsinin) perspektivdə Mərkəzi Asiya ilə Avropa arasında enerji və nəqliyyat körpüsünə çevrilməsi ehtimalı Azərbaycanın sülh təşəbbüslərinin strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Azərbaycanın regional sabitliyə verdiyi töhfə Avropanın enerji təhlükəsizliyinin  mühüm təminatlarından biridir. Azərbaycan regionda sülh, enerji təminatçısı kimi  mövqeyini möhkəmləndirir. Bircə bu məqamı qeyd etmək kifayətdir ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan alternativ mənbədir.

Cənab İlham Əliyev mövcud çağırışlar kontekstində bağlılıqdan, nəqliyyat marşurutlarından da geniş bəhs edir. “Biz görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır” söyləyən dövlətimizin başçısı onu da əlavə edir ki, bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır. İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır: “Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik. Hazırda isə Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.”

Nəqliyyat sektoru Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. İnfrastrukturun modernləşdirilməsi, nəqliyyat imkanlarının genişləndirilməsi əsas prioritetlər sırasındadır. Azərbaycanın tranzit imkanları əməkdaşlıq əlaqələrinin dərinləşməsində əhəmiyyətli rol oynayır.  Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə olmasına  baxmayaraq,  beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycanın tranzit  ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Təkcə Azərbaycan deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyan, Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yarandı. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərinin, eləcə də Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu (TBNM) kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından  diqqət çəkir. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına böyük əhəmiyyət verir. Reallaşan hər bir layihə isə respublikamızın dünya birliyində siyasi, iqtisadi əhəmiyyətini artırmaqla, enerji və nəqliyyat təhlükəsizliyinin təminatındakı rolunun əvəzedilməzliyini göstərir.

Avropa və Asiya arasında əlaqə yaradan Bakı-Tbilisi-Qars dəmir yolu əraziləri yaxınlaşdırmaq istəyənlər üçün ən səmərəli yoldur. Asiya və Avropanı birləşdirən yeni marşrutların keçdiyi əsas ölkələr arasında Azərbaycanın ön sıralarda yer aldığı təsadüfi deyil. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən biri olan, ixrac həcminə görə beynəlxalq reytinq cədvəlində ilk pillədə qərarlaşan Çinin Avropa, eləcə də Qara dəniz, Aralıq dənizi hövzəsində yerləşən ölkələrlə nəqliyyat xətləri vasitəsilə birləşməsində Azərbaycan getdikcə daha vacib rol oynayır. Burada o da xüsusi qeyd edilməlidir ki, Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolları Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün vacib hissəsidir.

Qısa təhlil Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrdə nə dərəcədə vacib rol oynadığını əyani şəkildə təcəssüm etdirir. 

Yeganə Əliyeva, “İki sahil”