Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov VPN istifadəsi ilə bağlı mövcud vəziyyətə aydınlıq gətirib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, bildirib ki, hazırda Rusiya qanunvericiliyində VPN xidmətlərindən istifadə edənlər üçün hər hansı məsuliyyət nəzərdə tutulmayıb. Brifinq zamanı jurnalistlərin suallarını cavablandıran Peskov gələcəkdə VPN-lərlə bağlı əlavə məhdudiyyətlərin tətbiqi planları barədə dəqiq məlumat üçün Roskomnadzor qurumuna müraciət etməyi tövsiyə edib.
Bununla yanaşı, mediada yayılan məlumatlara görə, Rusiya Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən VPN istifadəsini dolayı yollarla məhdudlaşdırmağa yönəlmiş yeni tədbirlər paketi hazırlanıb. Bu tədbirlər arasında:
VPN aktiv olan istifadəçilərə bəzi rəqəmsal platformalarda çıxışın məhdudlaşdırılması
müəyyən xidmətlərin “ağ siyahı”dan çıxarılması
tətbiqlərin cihazlara məcburi quraşdırma siyahısından kənarlaşdırılması
IT şirkətləri üçün akkreditasiyanın ləğvi
kimi addımlar müzakirə olunur.
Bundan əlavə, mobil operatorların VPN bağlantıları ilə bağlı məlumatları Roskomnadzor-a ötürməsi və aylıq müəyyən həddən (məsələn, 15 GB) artıq beynəlxalq trafikin ödənişli edilməsi kimi təşəbbüslərin də gündəmdə olduğu bildirilir.
Ümumilikdə, hazırda VPN istifadəsinə görə birbaşa cəza tətbiq olunmasa da, gələcəkdə bu sahədə dolayı məhdudiyyətlərin artırılması ehtimalı istisna edilmir.