14 noyabr 2026 14:14
129

Bəyannamə dünya üçün sülh niyyətini ifadə edən sə­nəddir…

Dünyanın əksər dövlətləri Azərbaycanın xarici siyasətini dəs­tək­ləyir, bəşəri bir dövlət olduğu üçün Azərbaycanla əlaqələri müxtəlif istiqamətlərdə genişləndirirlər. Bu əlaqələr qarşılıqlı etimad, qarşılıqlı inam əsasında daha da möhkəmlənməkdədir.

Azərbaycanla Şimali İrlandiya arasında ikitərəfli münasibətlər Azərbaycanın dövlət müstə­qilliyi bərpa olunduqdan az sonra yaranmağa, şaxələnməyə, möhkəmlənməyə başlayıb. Bu iki döv­­lət arasında 1994-cü il fevralın 23-də Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə im­zalanmışdı. Bu Bəyan­namə sonrakı münasibətlərin siyasi üfüqlərinin genişlənməsinin zəmanəti olmuşdu. 1998-ci il iyulun 21-də imzalanan Dostluq Münasibətləri və Tərəfadşlıq haqqında Birgə Bəyannamə də bunun nəticəsidir.

Noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri cənab Endi Börn­hem tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” də bu sənədlərə əsas­lanır. Bu Bəyan­namə Azərbaycanın da, Böyük Britaniya və Şimali İrlandiyanın da Birləşmiş Mil­lət­lər Təşkilatının Nizamnaməsinə, beynəl­xalq hüququn prinsiplərinə, normalarına, başlıca olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxu­nulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmətlə bağlı prinsiplərə sadiq qalacağının sənədidir.

2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti qeyd edilən bu Bəyannamədə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamə­tin­də həyata keçirilən sonrakı sülh təşəbbüsləri də qeyd olunur, Böyük Britaniya və Şimali İrlan­di­ya Birləşmiş Krallığının ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq məqsədi da­­şıyan iki ölkənin səylərinə davamlı dəstəyi bir daha təsdiqlənir, hər iki tərəfin davamlı tərəfdaş­lı­ğın etimad, səmimilik və güclü insanlararası əlaqələr üzərində qurulduğunu tanıdığı bil­dirilir.

Belə qarşılıqlı münasibətlər, belə münasibətlərə əsaslanan və siyasi sənəd olmaq etibarilə im­zalanan Bəyannamələr dövlətlərarası münasibətlər sistemində həmişə mühüm əhəmiyyətə ma­lik olur. Bu baxımdan birgə Bəyannamələr birgə fəaliyyət istiqamətləri müəyyənləşdirir. Son döv­rün ən həssas siyasi hadisələri, etiraf edilməlidir ki, qarşılıqlı etimadsızlıqla başlayan, bunun nəti­cə­si kimi silahla davam etdirilən münasibətlərə səbəb olan hadisələrdir. Bu səbəbdən dövlətlərarası münasi­bətlər qarşılıqlı müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlıq şərtlərini diktə edir. Azər­baycan Res­publikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəf­daşlıq haqqında Birgə Bəyannamə də bu baxımdan diqqəti çəkir.

Bəyannamədə bildirilir ki, iştirakçılar regional sülh və sabitliyi dəstəkləmək üçün müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi təhdidləri yayındırmaq, qar­şı­sını almaq və onlara cavab vermək qabiliyyətlərini artırmaq üçün uzunmüddətli öhdəlikləri ortaq qəbul edir. Bə­yanna­mədə, həmçinin, yüksək səviyyəli qarşılıqlı fəaliyyətin davamlı impulsuna sadiq qalı­na­cağı, qar­şılıqlı maraq doğuran ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə koordi­na­­si­yanın də­rinləş­di­ri­lə­cəyi də öz əksini tapıb. Çoxşaxəli bu sənəddə iştirakçıların təlim potensialını artıracağı, qarşılıqlı fəaliy­yətə yönəl­miş müdafiə əməkdaşlığının inkişaf etdiriləcəyi, qarşılıqlı maraq doğuracaq sahələrdə birgə təşəb­büslər də daxil olmaqla, müdafiə sənayesi əməkdaşlığını gücləndirmək imkanlarını araşdıracağı da nəzərdə tutulur...

Ticarət, investisiya və artım sahəsində də əlaqələrin genişlənəcəyi bildirilən birgə Bəyanna­mə mahiyyəti baxımından sosial həyatın əksər sahələrini əhatə edir. Belə ki, bu mühüm sənəddə bil­­di­rilir ki, bacarıqların inkişafına, şəffaflıq və inklüziv artıma diqqət yetiriləcək, süni intellekt, rə­qəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə də rəqəmsallaşdırma, inkişafda olan texnolo­gi­yalar və həyat elmləri sahələrində əməkdaşlıq edən universitetlər, tədqiqat institutları və sənayeləri ara­sın­­da tərəfdaşlıq da daxil olmaqla, tədqiqat, innovasiya və texnoloji əməkdaşlıq inkişaf ertdiri­lə­cək­dir.

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ara­sında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə dünya üçün sülh niyyətini ifadə edən sə­nəd kimi ta­rixləşdi...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı