İqtisadçı: Ev təsərrüfatlarının uçotunun rəqəmsallaşdırılması Azərbaycanın sosial-iqtisadi idarəetmə sistemində mühüm yeniliklərdən biri ola bilər
Əhalinin rifahının yüksəldilməsi və sosial müdafiə tədbirlərinin səmərəliliyinin artırılması üçün ilk növbədə ailələrin real yaşayış şəraiti və ehtiyacları barədə dəqiq məlumatlara malik olmaq vacibdir. Bu baxımdan ev təsərrüfatlarının uçotu dövlət siyasətinin düzgün planlaşdırılması, sosial dəstəyin ünvanlı təşkili və mövcud resurslardan səmərəli istifadə üçün mühüm əhəmiyyət daşıyır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda ev təsərrüfatlarının uçotu kənd yaşayış məntəqələrində ötən əsrin 40-cı illərindən, şəhər və qəsəbələrdə isə 2012-ci ildən aparılır. Hər il keçirilən sorğular zamanı ailələrin yaşayış və təsərrüfat vəziyyəti, torpaq sahələri, əmlakı və digər göstəriciləri qeydə alınır. Məqsəd mülkiyyət hüquqlarını yoxlamaq deyil, ölkə üzrə ev təsərrüfatlarının real vəziyyətini öyrənməkdir.
Sosial dəstəyin ünvanı daha dəqiq müəyyənləşir
Uçotun əsas üstünlüklərindən biri aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələrin daha düzgün müəyyənləşdirilməsinə imkan yaratmasıdır. Ailələrin gəlirləri, məşğulluğu, tərkibi və yaşayış şəraiti barədə məlumatlar ünvanlı dövlət sosial yardımının və digər dəstək mexanizmlərinin təkmilləşdirilməsinə kömək edir. Beləliklə, yardımların ehtiyac sahiblərinə çatdırılması üçün daha etibarlı informasiya bazası formalaşır.
Hər bölgənin ehtiyacı öz göstəricilərində əksini tapacaq
Toplanan məlumatlar ölkədə demoqrafik vəziyyətin, əhalinin yaş strukturunun, miqrasiya və məskunlaşma proseslərinin öyrənilməsində də mühüm rol oynayır. Xüsusilə kənd və şəhərlərdə əhalinin yerləşməsi, daxili yerdəyişmələr və ucqar yaşayış məntəqələrində məskunlaşma meyilləri regional inkişaf siyasətinin düzgün qurulmasına kömək edir.
Eyni zamanda, uçot nəticələri sosial infrastrukturun planlaşdırılması üçün də əhəmiyyətlidir. Əhalinin sayı, yaş tərkibi və ehtiyacları barədə dəqiq məlumatlar hansı ərazilərdə məktəbə, tibb müəssisəsinə və digər xidmətlərə tələbatın daha çox olduğunu müəyyənləşdirməyə imkan verir. Bu da büdcə vəsaitlərinin real ehtiyaclara uyğun bölüşdürülməsini asanlaşdırır.
Uçot məşğulluq və kənd təsərrüfatı siyasətinə də töhfə verir. Fərdi təsərrüfatların vəziyyəti, ailələrin iqtisadi fəallığı və gəlir mənbələri barədə məlumatlar yeni dəstək proqramlarının hazırlanmasına, qadınların məşğulluğunun və gənclərin iqtisadi imkanlarının genişləndirilməsinə əsas yaradır.
Kağız üzərindəki uçotdan vahid rəqəmsal sistemə
Ev təsərrüfatlarının uçotunda ən mühüm yeniliklərdən biri prosesin rəqəmsallaşdırılmasıdır. 2027-ci ildən etibarən uçot planşetlər vasitəsilə tam elektron qaydada aparılacaq. Məlumatlar vahid informasiya sistemində toplanacaq və Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya ediləcək.
Yeni mexanizm vətəndaşların üzərinə düşən inzibati yükü də azaldacaq. Əvvəllər sorğu vasitəsilə əldə olunan məlumatların bir hissəsi dövlət informasiya sistemlərindən götürüləcək. Beləliklə, eyni məlumatların təkrar təqdim edilməsi zərurəti aradan qalxacaq, uçot daha operativ həyata keçiriləcək.
Vətəndaşlar öz ev təsərrüfatlarına dair məlumatlarla “mygov” platformasında “bir pəncərə” prinsipi əsasında tanış ola biləcəklər. Bunun üçün ayrıca sorğu verməyə ehtiyac qalmayacaq. Məlumatların işlənilməsi və mühafizəsi isə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun təmin ediləcək.
Dəqiq məlumat, daha əsaslandırılmış qərarlar...

İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ev təsərrüfatlarının uçotunun rəqəmsallaşdırılması Azərbaycanın sosial-iqtisadi idarəetmə sistemində mühüm yeniliklərdən biri ola bilər. Çünki dövlətin əhalinin real yaşayış şəraiti, gəlirləri, məşğulluğu, ailə tərkibi, torpaq və əmlak vəziyyəti barədə dəqiq məlumatlara malik olması düzgün qərarların qəbul edilməsi üçün vacibdir. Hazırda bu məlumatların müxtəlif qurumlarda və fərqli bazalarda toplanması müəyyən çətinliklər yaradır. Vahid elektron məlumat bazasının yaradılması isə həmin məlumatların sistemləşdirilməsinə və daha operativ yenilənməsinə imkan verəcək.
İqtosadçı qeyd etdi ki, bu sistemin əsas üstünlüklərindən biri sosial yardımların və digər dövlət dəstəyi mexanizmlərinin daha ədalətli təşkil edilməsidir. Məsələn, aztəminatlı ailələrin, işsiz vətəndaşların, çoxuşaqlı ailələrin və sosial müdafiəyə ehtiyacı olan digər qrupların müəyyənləşdirilməsi asanlaşacaq. Dövlət yardımları yalnız müraciət edən şəxslərə deyil, real ehtiyacı olan ailələrə yönəldilə biləcək. Eyni zamanda, sosial ödənişlərdən sui-istifadə hallarının və məlumatların təhrif edilməsinin qarşısını almaq mümkün olacaq.
Digər mühüm məqam dövlət proqramlarının planlaşdırılmasıdır. Ev təsərrüfatları barədə dəqiq məlumatlar kənd təsərrüfatı, məşğulluq, səhiyyə, təhsil, mənzil və kommunal təsərrüfatı sahələrində ehtiyacların əvvəlcədən müəyyənləşdirilməsinə kömək edəcək. Dövlət hansı bölgədə işsizliyin, yoxsulluğun və ya sosial problemlərin daha çox olduğunu dəqiq görə biləcək və büdcə vəsaitlərini ehtiyaclara uyğun bölüşdürəcək.
A.Nəsirli diqqətə çatdırdı ki, burada əsas məsələ məlumatların sadəcə toplanması deyil, onların dəqiqliyi, mütəmadi yenilənməsi və qorunmasıdır: "Vətəndaşların şəxsi məlumatlarının məxfiliyi təmin edilməli, sistem bürokratik maneələr yaratmamalıdır. Düşünürəm ki, bu islahat düzgün həyata keçirilərsə, dövlət idarəçiliyinin keyfiyyətini artırmaqla yanaşı, sosial siyasətin daha ünvanlı, şəffaf və səmərəli olmasına ciddi töhfə verə bilər".
Nigar Orucova, “İki sahil”
Dublin-Bakı xətti: Azərbaycanın Avropada etibarlı dialoq tərəfdaşı kimi güclənən statusu
Azərbaycanın artan beynəlxalq nüfuzu və Böyük Britaniya ilə strateji tərəfdaşlıq