18 may 2026 20:04
91

Ürəklərin əbədi sakini

19 noyabr 1993-cü ildə Biləsuvar rayonu, Bəydili kəndində dünyaya göz açan Ruslan Arif oğlu Əlizadə İkinci Qarabağ müharibəsində canını Vətəninə, torpağına fəda etməklə tarix yazıb. Qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna dönən ər oğlumuzun ömür yolu qısa olsa da, könüllərə  köç etməklə   qərinələr ötsə, nəsillər bir-birini əvəz etsə belə heç vaxt unudulmaz, millətinə böyük şərəf, qürur olacaqdır.  Həmçinin ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığına görə   medalları  onun müharibə meydanında göstərdiyi şücaətə zaman-zaman şahidlik edəcək.

Vətənə sevgi, erməni dığalarına nifrət ruhunda formalaşan Ruslan Əlizadə müstəqil həyata qədəm qoyanda  birinci amalı yağı tapdağında qalan Qarabağımızı  azad görmək olub. Məhz Vətən qarşısında borcunu  ödəmək üçün  bu istəklə yola düşüb. Hava Hücumundan Müdafiə Qoşunların  tərkibində xidmətə başlayıb. İlk gündən komandirlərin bütün tapşırıqlarına ürəklə girişib. Göstərdiyi  cəsarət, hünər  həmişə də ona uğur gətirib, əsgərlərin, zabitlərin sevimlisinə çevrilib. Yaxşı, vətənpərvər əsgər kimi ad qazanan Ruslan  həm də erməni  dığalardan qisa almağa məqam gözləyib. Elə düşməndən alacağı öcə görə orduda  qalıb və hərbi qulluğunu davam edib.

Qəlbi Vətən, torpaq sevgisi ilə döyünən Ruslan  döyüş meydanında düşmənə qalib gəlməkdən ötrü öz üzəridə  daha ciddi  çalışıb, qatıldığı ən ağır təlimlərdə  döyüş  məharətinə  görə fərqlənib. Vətən naminə bütün çətinliklərə  mərdliklə sinə gələn Ruslan  həmişə də deyib ki,  müqəddəs yurd yerimiz olan Qarabağımızı azad etmək bizim üzərimizə düşür, yoxsa gələcək nəsillər bizi bağışlamaz. Mən bu yolda canımdan keçməyə hazıram. Bircə qalır Ali Baş Komandanın yağıya əsir düşən Vətən torpaqlarının azadlığı uğrunda  döyüş əməliyyatlara başlamaq əmri. Nəyin bahasına olursa-olsun, ta qədimdən  xalqımıza məxsus torpaqları  tezliklə   mənfur  erməni dığalarının  tapdağından azad etməliyik.

Nəhayət, Ruslanın Vətən, torpaq naminə arzuladığı gün gəlib çatıb. 2020-ci ilin  27 sentyabrında  başlanan İkinci Qarabağ  müharibəsində ön  cəbhədə döyüşlərə qatılıb. Hər adımda ölümlə üzləşən, müharibənin ən  qızğın və ağır anlarda  yağıya sarsıdıcı zərbələr endirib.  Çoxlu sayda düşmən yaraqlısını məhv edib, mərdliyi, qəhrəmanlığı  əsgər yoldaşlarına da nümunə olub. Hər dəfə azad olunan Vətən torpaqlarının  bağrına zəfər bayrağı  sancılananda  yağıya qarşı daha ürəklə vuruşub və düşmən üzərinə qorxu bilmədən növbəti  qələbə əzmi ilə atılıb.

Ruslan Əlizadənin  qürur, heyrət doğuran döyüş yolu Tərtər, Xocavənd,  Füzuli, Cəbrayıldan keçib. Öndə getməklə iştirak etdiyi  bütün əməliyyatlarda  verilən tapşırıqları  layiqincə yerinə yetirməklə  erməni dığaların kabusuna çevrilib.  Xocavənddə yaralanıb, amma Vətən, torpaq sevgisi onu yenidən cəbhəyə qaytarıb.

7 oktyabrda  Füzuli  yolunda gedən ağır ölüm-dirim savaşı  qəhrəman Vətən sevdalısı  Ruslan  üçün sonuncu olub. “Qələbə bizimdir”-deyib düşmənin  üstünə şığıyıb və ona  ciddi itki verib. Təəssüf ki, qəfil atılan güllə  qorxu bilməz igidin  ömrünə  son  qoyub.

Bəli, Vətən müqəddəsdir, onun yolunda  şəhid olanlar ölmürlər. Ruslan Əlizadənin  həyatı da əbədiyaşardır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü