19 may 2026 18:10
95

Professor: WUF13 qlobal şəhərsalma çağırışlarının müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) üçüncü günü də dinamik və məhsuldar müzakirələrlə yadda qalır. Qlobal şəhərsalma çağırışlarının müzakirə olunduğu bu mühüm platformada iştirakçılar müxtəlif ölkələri təmsil edərək öz təcrübə və baxışlarını bölüşürlər.

“İki Sahil” olaraq biz də forumun gedişini izləyir, iştirakçıların tədbirlə bağlı gözləntilərini və ilk təəssüratlarını öyrənirik.

Ankara Ostim Texniki Universitetinin professoru Birol Kurtuluş “İki sahil”ə özəl açıqlamasında bildirib ki, forum qlobal şəhərsalma çağırışlarının müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Bu forum həqiqətən çox önəmlidir. O, təkcə vacib deyil, həm də vaxtında keçirilən və təcili xarakter daşıyan bir təşəbbüsdür. Çünki dünya hazırda ciddi qlobal istiləşmə böhranı ilə üz-üzədir və bu proses getdikcə daha da dərinləşir.”

Professorun sözlərinə görə, bu prosesin yavaşladılması hələ tam mümkün deyil. Bu baxımdan şəhərlərin rolu olduqca böyükdür, çünki artıq dünya əhalisinin əhəmiyyətli hissəsi şəhərlərdə yaşayır. Buna görə də şəhərlər həm iqlim dəyişikliyinə, həm də təbii fəlakətlərə qarşı daha dayanıqlı olmalıdır.

O, vurğulayıb ki, forumun sevindirici cəhətlərindən biri müxtəlif ölkələrin bir araya gələrək ortaq həll yolları axtarmasıdır. Onun sözlərinə görə, bu əməkdaşlıq ruhunun siyasət və beynəlxalq münaqişələrin həllinə də tətbiq olunması arzuolunandır.

Həmsöhbətimizin fikrincə, əsas ortaq dəyərlər həyat, mədəniyyət, sülh və qardaşlıqdır. 60–70 ölkənin eyni platformada bir araya gəlməsi xüsusi əhəmiyyət kəsb edir.

Lakin professor xüsusilə qeyd edib ki, şəhər infrastrukturunda enerji məsələsi daha çox diqqət tələb edir. Onun sözlərinə görə, hazırda bu sahədə kifayət qədər geniş təşəbbüslər müşahidə olunmur.

O, növbəti günlərdə enerji mövzularının da geniş şəkildə müzakirə olunacağına ümid etdiyini bildirib: “Bu istiqamətdə atılacaq addımlar gələcəyin daha dayanıqlı və daha parlaq olmasına xidmət edəcək.”

Professor Azərbaycanın təşkilatçılığını ayrıca qeyd edərək WUF13-ün təşkilati baxımdan yüksək səviyyədə keçirildiyini qeyd edib:”Bu, yalnız texniki baxımdan deyil, həm də strateji yanaşma və yüksək koordinasiya ilə seçilən uğurlu ev sahibliyidir. Onun sözlərinə görə, iştirakçılar arasında əməkdaşlıq mühitinin formalaşdırılması baxımından görülən işlər təqdirəlayiqdir və bu səbəbdən təşkilatçılıq yüksək qiymətləndirilməlidir.

Sonda Birol Kurtuluş bildirib ki, WUF13 kimi beynəlxalq miqyaslı platformalar şəhərsalma sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və dayanıqlı inkişaf həllərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Yaqut Ağaşahqızı, “İki sahil”