Azərbaycan son illərdə qlobal əhəmiyyətli mötəbər tədbirlərə, bəşəri problemlərin müzakirə olunduğu dünya miqyaslı platformalara ev sahibliyi etməklə beynəlxalq münasibətlər sistemindəki yerini və nüfuzunu daha da möhkəmləndirir. Bu baxımdan mayın 18-də paytaxt Bakı şəhərində işinə başlayan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ölkəmizin növbəti böyük tarixi uğurudur. Ölkə Prezidenti cənab İlham Əliyevin Forumun açılış mərasimindəki dərindən düşünülmüş, proqram xarakterli və konseptual çıxışı həm Azərbaycanın şəhərsalma sahəsindəki fəlsəfəsini, həm də işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz quruculuq işlərinin mahiyyətini dünyaya bəyan etdi.
Cənab Prezidentin öz çıxışında xüsusi vurğuladığı kimi, Bakı builki Forumda 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçını qəbul etməklə bəlkə də qeydiyyatdan keçmiş iştirakçıların sayına görə tarixi bir rekorda imza atdı. Bu, il yarım əvvəl ölkəmizdə yüksək müvəffəqiyyətlə keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir.
Azərbaycana ilk dəfə səfər edən minlərlə xarici qonaq üçün bu Forum həm də ölkəmizin mədəniyyətini, şəhərsalma sahəsində qazandığı böyük təcrübəni öz gözləri ilə görmək üçün unikal imkandır. Bu miqyasda bir tədbirin Bakıda keçirilməsi beynəlxalq birliyin və BMT-nin Məskunlaşma Proqramının Azərbaycana olan sonsuz etimadının göstəricisidir. Təsadüfi deyil ki, ölkəmizdə 2022-ci ildən etibarən uzun illər işğal altında qalmış Ağdam, Zəngilan və Xankəndi şəhərlərində artıq üç milli şəhərsalma forumu uğurla təşkil edilmişdir.
Azərbaycan həm coğrafi mövqeyi, həm də çoxəsrlik mədəniyyəti ilə Şərqlə Qərbin tarixi kəsişmə nöqtəsi, fərqli sivilizasiyaların qovuşduğu unikal məkandır. Dövlət başçısı İlham Əliyevin öz çıxışında xüsusi vurğuladığı bu özünəməxsusluq ölkəmizin memarlıq fəlsəfəsində və şəhərsalma ənənələrində də dərin izlər qoymuşdur. Paytaxt Bakının bugünkü siması keçmişlə gələcəyin, qədimliklə müasirliyin bir-biri ilə necə mükəmməl uzlaşdığının canlı sübutudur. YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil olan İçərişəhərin qədim divarları ilə XXI əsrin modern urbanizasiya layihələrinin eyni məkanda, harmonik şəkildə yanaşı mövcudluğu Azərbaycanın öz tarixi keçmişinə bəslədiyi yüksək ehtiramın və milli memarlıq irsinə məsuliyyətli yanaşmasının bariz təzahürüdür.
Bu uğurlu və strateji şəhərsalma siyasətinin ən parlaq simvollarından biri də Bakı Bulvarıdır. Vaxtilə cəmi 3 kilometrlik məsafəni əhatə edən bu tarixi dənizkənarı park, indi aparılan genişmiqyaslı yenidənqurma işləri sayəsində 15 kilometrdən artıq möhtəşəm bir rekreasiya zonasına çevrilərək paytaxtın müasir inkişaf dinamikasını əks etdirir.
Qədim Azərbaycan memarlığının ən üstün cəhətlərindən biri onun yalnız estetik gözəlliyi ilə deyil, həm də yüksək funksionallığı və mühəndislik dəqiqliyi ilə seçilməsidir. Bu baxımdan Lahıc kəndinin timsalında əcdadlarımızın yaratdığı şəhərsalma mədəniyyəti heyrətamizdir. On beş əsr bundan əvvəl mürəkkəb dağlıq relyefdə qurulmuş və bu gün də tam işlək vəziyyətdə olan qədim kanalizasiya və su təchizatı sistemləri xalqımızın hələ yüzilliklər öncə malik olduğu uzaqgörən texniki təfəkkürün və mühəndislik dühasının nadir nümunəsidir. Bu tarixi faktlar bir daha təsdiq edir ki, Azərbaycan torpağı qədim dövrlərdən bəri sivil şəhər mühitinin, infrastruktur mədəniyyətinin və qabaqcıl memarlıq məktəblərinin mərkəzi olmuşdur.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası göstərdi ki, Azərbaycan təkcə enerji layihələri və ya geosiyasi çəkisi ilə deyil, həm də humanitar və ekoloji inkişaf modelləri ilə qlobal liderlərdən biridir. Biz əcdadlarımızdan miras qalan memarlıq və tarixi irsi göz bəbəyimiz kimi qoruyaraq gələcək nəsillərə ötürməkdə qərarlıyıq.
Bir millət və dövlət olaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həm qədim şəhərlərimizin ruhunu qoruyacaq, həm də azad edilmiş torpaqlarımızda dünyanın ən qabaqcıl, “ağıllı” və ekoloji cəhətdən dayanıqlı şəhərlərini inşa edəcəyik. Bakı Forumu bu yolda təcrübə mübadiləsi üçün yeni üfüqlər açır və ölkəmizin gələcək uğurlarının təminatına çevrilir.
Anar Məmmədov,
Milli Məclisin deputatı