20 may 2026 10:26
150

UN-Habitat nümayəndəsi: Dayanıqlı şəhərlərin qurulması istiqamətində birgə fəaliyyət forumun əsas məqsədlərindən biridir

Şəhərlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsas dayaq nöqtələrindən biridir və bu çağırışları heç bir ölkə və ya qurum təkbaşına həll edə bilməz.

Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan Ofisinin proqram meneceri Runze Vang “İki sahil”ə özəl açıqlamasında deyib.

UN-Habitat nümayəndəsinin sözlərinə görə, 2001-ci ildən keçirilən Dünya Şəhərsalma Forumu (WUF) urbanizasiya ilə bağlı qlobal problemlərin birgə müzakirəsi üçün mühüm platformaya çevrilib: “Texnologiyanın inkişafı və həyat tərzinin dəyişməsi ilə dünya daha mürəkkəb hala gəlir. WUF-un əsas funksiyası bütün urban tərəfdaşları bir araya gətirmək, birgə ideyalar formalaşdırmaq və şəhərlərin qarşılaşdığı mürəkkəb problemlərə birlikdə həll yolları tapmaqdır”.

Runze Vanq vurğulayıb ki, forum dövlət qurumlarını, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyətini vahid platformada birləşdirərək dayanıqlı şəhər inkişafına töhfə verir.  O, diqqətə çatdırıb ki, panel sessiyası çərçivəsində təqdim olunan layihə İqlimə Uyğunlaşma Fondu tərəfindən dəstəklənir və Azərbaycanda iqlim dayanıqlılığı istiqamətində həyata keçirilir. Layihənin əsas istiqamətləri insanların bilik və bacarıqlarının artırılması, həmçinin pilot layihələrin icrasından ibarətdir. Layihə çərçivəsində Bakıda ictimai məkanın yaradılması, eləcə də Xəzər sahili boyunca, xüsusilə Abşeron və Astara ərazilərində su idarəçiliyi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Məqsəd gələcəkdə bu təcrübənin Azərbaycanın digər bölgələrində və region ölkələrində də tətbiq edilməsidir.

UN-Habitat nümayəndəsi bildirib ki, WUF13-ün əhəmiyyəti ondadır ki, forum şəhərlərin qarşılaşdığı mürəkkəb problemlərin həlli üçün müxtəlif sahələrin nümayəndələrini bir araya gətirir. Bu platforma qanunverici mexanizm olmasa da, şəhərsalma və iqlim problemləri ilə bağlı ortaq həll yollarının müzakirəsi üçün mühüm məkan hesab olunur. Dayanıqlı şəhərlərin qurulması istiqamətində birgə fəaliyyət forumun əsas məqsədlərindən biridir.

Yaqut Ağaşahqızı, “İki sahil”