Müasir dövrdə iqlim dəyişiklikləri və enerji resurslarından səmərəli istifadə məsələləri bir çox ölkələrin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə alternativ enerji mənbələrinin tətbiqi və ekoloji layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Türkmənistan da şəhərsalma və infrastruktur layihələrində “yaşıl enerji” həllərinə üstünlük verməyə başlayıb.
Türkmənistan Azərbaycanda həyata keçirilən “yaşıl enerji” layihələrinin təcrübəsindən yararlanır.
Bu barədə Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin tikintisi üzrə komitənin nümayəndəsi İrina Qrişkova Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan SPECA Şəhərlər Forumunda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan son illərdə ekologiya və alternativ enerji istiqamətində mühüm layihələr reallaşdırıb və bu təcrübə Türkmənistan üçün də maraq doğurur: “Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına xüsusi önəm verilir. Biz də bu təcrübəni nəzərə alaraq oxşar addımlar atırıq. Arkadağ şəhərinin ikinci mərhələsinin tikintisi zamanı dəmir yolu vağzalı və avtovağzal kimi iri obyektlərdə günəş enerjisindən istifadə edilir. Gün ərzində enerji tələbatı yüksək olduğuna görə dövlət enerji şəbəkəsinə düşən yükü azaltmaq məqsədilə həmin obyektlərdə günəş panelləri quraşdırılıb”.
İ.Qrişkova qeyd edib ki, tətbiq olunan bu yanaşma atmosferə atılan zərərli qazların həcmini azaltmağa da kömək edir. O əlavə edib ki, Arkadağ şəhərində ilk dəfə yağış sularının təkrar istifadəsi sistemi qurulub: “Toplanan yağış suları ilkin təmizlənmədən sonra xüsusi çökdürücü hovuzlara yönləndirilir və daha sonra şəhərdəki yaşıllıq sahələrinin suvarılmasında istifadə olunur”.
Nümayəndə onu da vurğulayıb ki, tikinti prosesi zamanı aşkar edilən yeraltı sular da drenaj sistemi vasitəsilə toplanaraq suvarma məqsədilə yenidən istifadəyə yönəldilir: “Hazırda kanalizasiya sularının əlavə təmizlənərək yaşıllıq sahələrində istifadəsi istiqamətində işlər davam etdirilir. Su ehtiyatlarının qorunması bizim üçün vacibdir. Çünki əsas su mənbələrimiz yeraltı şirin su ehtiyatları və Qaraqum kanalıdır”.
Yaqut Ağaşahqızı, “İki sahil”