21 may 2026 22:57
98

Tariximizin yeni inkişaf mərhələsi

Xalqın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu ən əlamətdar günlərdən biridir. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində öz arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalq 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

Heç kəsə sirr deyil ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanıb, ən çətin anlarda ona müraciət etmişdi. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək. Ulu Öndərin xalqa sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi və yüksək intellekti bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdən idi. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. İlk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub.

Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Ümummilli Liderin hərtərəfli uzaqgörən siyasətini bugünkü gündə Prezident cənab İlham Əliyev uğurla davam etdirməkdədir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. 44 günlük müharibə tarixi Zəfərlə yekunlaşdı.

Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız artıq altı ildir ki, 28 May - Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci, Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir.

Hazırkı dövr respublikamız üçün xüsusilə əlamətdar bir mərhələni təşkil edir. Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır.  

Bir sözlə, bu gün məhz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun böyük uğurla davam etdirilməsi nəticəsində möhtəşəm tarixi Zəfərə imza atıldı. Ümummilli Liderin ən böyük arzusu gerçəkləşdi - Azərbaycanın ərazi bütövlüyünün bərpa edildi! Bütün bunlar onu deməyə əsas verir ki, vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Akif Rəfiyev,
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri,
Əməkdar hüquqşünas