Azərbaycanın müasir şəhərsalma siyasətində tarixi-mədəni irsin qorunması, şəhər kimliyinin saxlanılması sahəsində həyata keçirdiyi layihələr beynəlxalq səviyyədə maraq doğurur
Azərbaycan tarix yazmaqda davam edir. 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azad edilməsi ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə ölkəmizin hərbi qüdrəti ilə yanaşı, iqtisadi gücünü də nümayiş etdirdi. Azərbaycan postmüharibə dövründə azad edilmiş ərazilərdə başladılan genişmiqyaslı quruculuq işləri, nəhəng infrastruktur layihələri ilə dayanıqlı və möhkəm təməllər üzərində qurulmuş iqtisadi potensiala malik olduğunu sübut etdi.
Tarixi Zəfərimizdən keçən dövr ərzində erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində misli görünməmiş irimiqyaslı layihələr icra olunur-yeni yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir, şəhərlərin, kəndlərin Baş planları, layihələri hazırlanır, yaşayış binalarının təməlləri qoyulur.
İşğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişi istiqamətində prioritet sənaye layihələrinin həyata keçirilməsi bölgənin təbii resurs potensialının ölkənin iqtisadi artımına yönəldilməsini də dəstəkləyəcək. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir şəhərlər və kəndlər salınır, bərpaolunan enerji mənbələrindən istifadəyə əsaslanan və “yaşıl” texnologiyaların tətbiqi ilə yaşıl enerji, qabaqcıl standartlara cavab verən təhsil, səhiyyə, idman, xidmət infrastrukturu yaradılır.
Qarabağ və Şərqi Zəngəzur çoxəsrlik tarixə malik maddi-mədəniyyət nümunələri ilə zəngindir. Tarixi abidələr milli kimliyimiz, xalqımızın çoxəsrlik tarixini, mədəniyyətini və əcdadlarımızın yaratdığı maddi-mədəniyyət nümunələrini gələcək nəsillərə ötürən daş yaddaşımızdır. Birinci-vitse prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın rəhbərliyi ilə Fond ölkəmizin tarixi-mədəni irsinin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə mədəni-dini irsimizi xalqımıza yenidən qaytarmaq missiyasını şərəflə yerinə yetirən Heydər Əliyev Fondu hazırda tarixi abidələrin, dini-mədəni irsimizin bərpası ilə bağlı həyata keçirdiyi layihələri uğurla davam etdirir.
Azərbaycanın şəhərsalma tarixi çox qədim dövrlərə söykənir. Bakı, Şəki, Gəncə, Naxçıvan, Qarabağ kimi bölgələr əsrlər boyu formalaşmış memarlıq ənənələrini bu günə qədər qoruyub saxlayıb. Hazırda respublikamızın şəhərsalma və mədəni irsin qorunması sahəsində həyata keçirdiyi layihələr beynəlxalq səviyyədə maraq doğurur. Bu gün ölkəmizdə müasir şəhərsalma siyasətində tarix və mədəniyyət abidələrinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimizin başçısı tərəfindən 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahənin inkişafına göstərilən yüksək diqqətin bariz nümunəsidir.
Prezident İlham Əliyev Bakıda 182 ölkədən 45 mindən çox nümayəndənin iştirakı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimindəki çıxışında Ağdam, Zəngilan və Xankəndidə keçirilən şəhərsalma forumlarını xatırlatmaqla İçərişəhərdən Qarabağa, Şamaxıdan Lahıca qədər sadaladığı nümunələr Azərbaycanın qədim dövlətçilik, memarlıq və şəhərsalma ənənələrinin bu gün də yaşadığını nümayiş etdirdi. Bütün bunlar Azərbaycanın postmünaqişə dövründə nümayiş etdirdiyi quruculuq modelinin mühüm elementləridir.
Mayın 20-də WUF13 çərçivəsində “Mədəni irsin və inklüziv şəhər regenerasiyasının yenidən düşünülməsi” mövzusunda keçirilən panel sessiyada mədəni irsin qorunması ilə şəhərlərin müasir inkişafı arasında balansın yaradılmasına diqqət yönəldilib, tarixi məhəllələrin və şəhər kimliyinin saxlanılması, eyni zamanda regenerasiya proseslərində insanların köçürülməsinin minimuma endirilməsi vacib məsələ kimi vurğulanıb. Şəhərlər canlı orqanizm kimi dəyərləndirilərək, onların morfologiyası və mədəni yaddaşının planlaşdırmada əsas götürülməsi qeyd olunub.
Bütün bunların fonunda əminliklə demək olar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bu istqiamətdə reallaşdırılan tədbirlərin miqyası daha da genişlənəcək, şəhərsalam siyasətində tarixi-mədəni, dini irsimizin qorunması istiqamətində görülən işlər uğurla davam etdiriləcək.
Zahid Rza, “İki sahil”