23 may 2026 17:50
180

WUF13 - Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsi və qlobal nüfuzunun təsdiqi - RƏY

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin və çoxtərəfli diplomatiya imkanlarının mühüm göstəricisidir. 176 ölkədən 57 mindən artıq iştirakçının qatıldığı Forum Ümumdünya Şəhərsalma Forumunun tarixində ən böyük sessiya kimi yadda qaldı. Bu nəticə Azərbaycanın qlobal tədbirlərin təşkili, beynəlxalq əməkdaşlıq mühiti yaratmaq və strateji dialoq platforması formalaşdırmaq imkanlarının beynəlxalq səviyyədə qəbul olunduğunu göstərən mühüm məqamdır. Forum çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlərin Bəyanatları Sessiyası WUF13-ün siyasi əhəmiyyətini daha da artıran mühüm addım oldu. 27 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi bu platforma urbanizasiya məsələlərinin artıq təhlükəsizlik, postmünaqişə dövrünün sabitliyi və humanitar inkişafla birbaşa əlaqəli olan strateji məsələ kimi qəbul edildiyini nümayiş etdirdi. Bu təşəbbüs həm də Azərbaycanın beynəlxalq dialoq üçün etibarlı siyasi platformaya çevrildiyini bir daha göstərmiş oldu.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını “İki sahil”ə dəyərləndirən politoloq Aytən Qurbanova bildirdi ki, Forumun yekun sənədi olan “Baku Call to Action”da Azərbaycanın postmünaqişə dövründəki bərpa və yenidənqurma təcrübəsinə xüsusi yer ayrılması isə mühüm siyasi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin beynəlxalq nümunə kimi təqdim olunması Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi siyasətin legitimliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin bariz göstəricisidir. Xüsusilə “urbisid”, “ekosid” və “kultursid” anlayışlarının sənəddə əks olunması Ermənistan işğalının nəticələrinin beynəlxalq səviyyədə tanınması baxımından diqqətəlayiq məqamdır. Həmçinin WUF13 çərçivəsində Azərbaycanın “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını təqdim etməsi ölkənin postmünaqişə dövründə modern və dayanıqlı inkişaf modeli formalaşdırdığını nümayiş etdirdi. Paralel olaraq yaşıl enerji, rəqəmsal idarəetmə və dayanıqlı infrastruktur prinsiplərinin tətbiqi Azərbaycanın regionda yeni urbanizasiya yanaşmasını ortaya qoyduğunu göstərir.

Nazirlərin görüşünün yekununda qəbul edilmiş “Sədrin xülasəsi” sənədində isə Azərbaycanın innovativ təşəbbüslərinin və uzaqgörən liderliyinin xüsusi vurğulanması ölkəmizin beynəlxalq nüfuzunun artmasının növbəti təsdiqi oldu. Eyni zamanda, gələcək WUF sessiyalarının təşkili üzrə Bakı standartlarının hazırlanmasına dair əməkdaşlıq Azərbaycanın artıq yalnız iştirakçı deyil, qlobal urbanizasiya gündəliyinə istiqamət verən aktora çevrildiyini göstərir. Nəticə etibarilə, WUF13 Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun, strateji kommunikasiya imkanlarının və postmünaqişə dövrünün inkişaf modelinin qlobal səviyyədə qəbul edilməsinin mühüm göstəricisi kimi qiymətləndirilməlidir. Şübhəsiz ki, Forum Azərbaycanın milli maraqlarının beynəlxalq platformalarda daha sistemli şəkildə təşviqi və ölkəmizin qlobal nüfuzunun möhkəmləndirilməsi nöqteyi-nəzərindən növbəti mühüm siyasi-diplomatik uğur olaraq qiymətləndirilməlidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”