Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi, xalqımızın əsrlər boyu arzuladığı müstəqilliyin və dövlətçilik ənənələrinin bərqərar olduğu, fırtınalı bir dövrdə parlayan müqəddəs bir başlanğıcdır. Həmin gün - 1918-ci il, may ayının 28-də Şərqdə ilk dəfə olaraq, demokratik prinsiplərə əsaslanan bir respublika quraraq, xalqımız öz müqəddəratını təyin etmək əzmini dünyaya bəyan etdi. Bu tarixi nailiyyət, milli şüurun oyanışı və dövlətçilik ideyalarının möhkəmlənməsi üçün zəmin yaratdı.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən rəhbərliyi illərində, həmin tarixi irs yaşadıldı və Azərbaycan dövlətçilik ənənələri müstəqil dövlət şəklində yenidən vücud taparaq möhkəmləndirildi. Ulu Öndər, ölkəmizi daxili kataklizmlərdən və xaosdan qurtararaq, sarsılmaz iqtisadi və siyasi sabitliyi təmin etdi, habelə Azərbaycanı beynəlxalq aləmdə etibarlı və nüfuzlu bir strateji mərkəzə çevirdi.

Siyasi kursun davamlılığı, bu gün Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə daha da yüksələn xətt üzrə inkişaf edir. Müzəffər Ali Baş Komandanın güclü iradəsi ilə otuz illik işğala son qoyuldu, bununla da dövlətimizin qüdrəti və ərazi bütövlüyü ədalət əsasında tam olaraq bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qlobal mərkəzə çevrilərək, müxtəlif beynəlxalq sammitlərə və enerji layihələrinə uğurla ev sahibliyi edir. Dünyanın müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq quran Azərbaycan, qlobal təhlükəsizlik və iqtisadi sabitlik məsələlərində əsas söz sahiblərindən birinə çevrilmişdir. Həmçinin, rəsmi Bakının apardığı balanslaşdırılmış xarici siyasət, regionda və dünyada sülhün qorunmasına mühüm töhfələr verir.

Bu qüdrətli dövlətin quruculuq prosesində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də müstəsna əhəmiyyətə malikdir. O, humanitar və sosial layihələr, mədəniyyət və təhsil sahələrindəki çalışmaları ilə ölkəmizin beynəlxalq imicinin yüksəlməsinə və cəmiyyətimizin rifahının artırılmasına dəyərli töhfələr verir. Bütün bu nailiyyətlərin kökündə isə qalib Azərbaycan xalqının möhkəm birliyi, vətənpərvərlik ruhu və sarsılmaz iradəsi dayanır. Qalib xalqımız hər zaman dövlətinin arxasında dayanaraq, qüdrətli və müstəqil Azərbaycanın parlaq gələcəyini təmin etməkdə qərarlıdır. Tarixdən gələn bu böyük inam və iradə, xalqımızın gələcək nəsillərə ötürəcəyi ən böyük əmanət olaraq qalacaq. Dövlət başçısının həyata keçirdiyi islahatlar və uğurlu diplomatiya nəticəsində Azərbaycanın beynəlxalq arenadakı mövqeyi gündən-günə daha da möhkəmlənir, suverenliyimiz isə etibarlı əllərdədir.
Samirə Rüstəmova,
Şəmkir rayon Uşaq musiqi məktəbinin direktoru