25 may 2026 19:18
92

Dövlətçiliyin xilaskarı

28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən əlamətdar və qürurverici günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk demokratik respublikanı quraraq müstəqil dövlətçilik ənənəsinin əsasını qoymuşdur. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz iz buraxmış, xalqımızın azadlıq və istiqlal ideallarını yaşatmışdır. Məhz bu ideyalar uzun illərdən sonra yenidən xalqımızı müstəqilliyə qovuşdurmuşdur.

1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən siyasi hərc-mərclik, iqtisadi böhran, vətəndaş qarşıdurması və Ermənistanın hərbi təcavüzü dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi nəticəsində ölkə parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır və taleyüklü zamanda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı və Azərbaycanı böyük təhlükələrdən xilas etdi.

1993-cü ilin iyununda xalqın çağırışına cavab verərək Bakıya gələn Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi, siyasi iradəsi və qətiyyəti ilə ölkədə sabitliyi təmin etdi. Onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, dövlət institutları möhkəmləndirildi və qanunçuluq bərpa olundu. Ulu Öndər yaxşı bilirdi ki, dövlətçiliyin qorunması üçün ilk növbədə xalqın birliyi və ölkədə sabitlik təmin edilməlidir. Buna görə də o, milli həmrəyliyin gücləndirilməsini əsas prioritetlərdən biri elan etdi.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişləndi, ölkəmizin dünya birliyində mövqeyi möhkəmləndi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Xarici sərmayələrin ölkəyə cəlb olunması iqtisadiyyatın dirçəlməsinə, sosial rifahın yaxşılaşmasına və dövlət müstəqilliyinin iqtisadi əsaslarının güclənməsinə xidmət etdi. Bununla yanaşı, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı, nizami silahlı qüvvələrin formalaşdırılması istiqamətində ciddi islahatlar həyata keçirildi.

Ulu Öndərin ən böyük xidmətlərindən biri də Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını formalaşdırması oldu. O, azərbaycançılıq məfkurəsini milli birliyin əsas ideyası kimi irəli sürdü. Bu ideologiya milli-mənəvi dəyərlərimizin qorunmasına, vətənpərvərlik hissinin gücləndirilməsinə və xalqımızın dövlət ətrafında sıx birləşməsinə mühüm töhfə verdi. Heydər Əliyev daim vurğulayırdı ki, Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır.

Bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətimizin gücünü və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi. Müstəqil Azərbaycan artıq regionun aparıcı dövlətinə çevrilmiş, beynəlxalq aləmdə nüfuzu daha da artmışdır. Bütün bu nailiyyətlərin təməlində isə məhz Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf yolu dayanır.

28 May – Müstəqillik Günü münasibətilə xalqımız bir daha dərk edir ki, müstəqilliyin qorunması onu qazanmaq qədər mühüm və məsuliyyətli vəzifədir. Azərbaycan dövlətçiliyinin xilası və möhkəmləndirilməsi yolunda Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri xalqımızın yaddaşında daim yaşayacaqdır. Onun siyasi iradəsi, uzaqgörənliyi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruyaraq güclü və müstəqil dövlət kimi inkişaf yolunu uğurla davam etdirir.

Ehtibar İsmayılov,
YAP Ordubad rayon təşkilatının sədri