25 may 2026 13:18
109

28 May – Müstəqillik Günü: milli qürur və iftixar mənbəyi

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 108 il keçir. 108 ilin zirvəsindən geri baxanda xalqımızın öz məqsədlərinə nail olmaq üçün bütün çətinliklərə sinə gərdiyini, daim irəliyə doğru inamla irəlilədiyini görür və bundan böyük qürur hissi keçiririk. Belə ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik xalqımız öz tarixinin müəyyən dövrlərində zamanın hökmü ilə böyük imperiyaların tərkibinə qatılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanın mədəni-siyasi yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdı. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.  Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Məlum səbəblərdən Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, Azərbaycan 1991-ci il oktyabr ayının 18-də müstəqilliyini bərpa etdi: “Lakin xalqımız müstəqilliyin əsl sevincini 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşadı. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadıqları yaddaşlardadır. O illər tariximizin qara səhifəsi kimi daim vərəqlənir. Azərbaycan müstəqilliyini itirmək təhlükəsini yaşadığı o çətin günlərdə xalq üzünü xilaskarına-Ümummilli Lider Heydər Əliyevə tutdu. Ulu Öndər xalqın səsinə səs verdi, 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanın bugünkü reallıqlarının möhkəm təməlini yaratdı.  Azərbaycanı yenidən quran Ümummilli Lider müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onun qorunmasını, möhkəmləndirilməsini hər kəsin vətəndaşlıq borcu olduğunu bildirdi. İlk olaraq bu çağırışı etdi ki, suverenliyimizi daimi etmək, müstəqilliyimizi qorumaq üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal-azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidir. Ulu Öndərin zəngin idarəçilik təcrübəsi, Vətən, xalq, millət sevgisi Azərbaycanı çətin vəziyyətdən xilas etdi. Ümummilli Lider xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanın dövlət müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın davamlı uğurlarını şərtləndirdi. 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı zirvələrə yüksəltdi. Dünyaya təkmil inkişaf modelini təqdim edən Azərbaycanın sözünün imzası qədər dəyəri artdı. Hər sahədə inkişaf, tərəqqi geniş vüsət alır. Hər bir ölkənin inkişafında vacib amil olan iqtisadi inkişafın təmin edilməsi dövlət siyasətinin əsasıdır. Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə atdığı addımların uğurlu nəticələrini bugünkü Azərbaycanın reallıqlarında görürük. Dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il sonra, 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycana diqqət və marağın, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisi oldu. Regional çərçivədə başlanan əməkdaşlıq 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması ilə çoxtərəfli çərçivədə uğurla davam edir. Artıq 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi.  Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının müstəqilliyimizin möhkəmləndirilməsində rolu böyükdür. Azərbaycanın iqtisadi imkanlarının artması siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır”.

Malik Həsənov bu məqamı da xüsusi qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin   təşəbbüsü və rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı və Naxçıvan MR-nın dövlət bayrağı kimi rəsmiləşdirildi, Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıldı. Ulu Öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci dövründə, istərsə də fəaliyyətinin Naxçıvan mərhələsində Azərbaycanın müstəqil gələcəyi üçün bir-birindən mühüm işlər görüb, addımlar atılıb.

Millət vəkili bildirib ki, 108 illik yolu bir yazıda əhatə etmək mümkün deyil: “Müstəqillik tariximizdə qazandığımız uğurların ümumiləşdirilmiş ifadəsi tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, onların yaratdığı yeni reallıqlardır. 1993-cü ildən başlanan yol Azərbaycanı 30 il işğal altında qalan torpaqlarına qovuşdurdu, tarixi ədalət bərpa edildi. Müstəqilliymizin, suverenliyimizin qarantı olan Ordumuzun gücü, qüdrəti, tarixi ədalətə, beynəlxalq hüquqa söykənən siyasətimiz 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdə öz sözünü dedi. 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başladı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. 2024-cü ilin 28 may tarixində-Müstəqillik Günündə Xocalı şəhəri sakinlərinə qovuşdu. Həmin tarixdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. 2023-cü ildə Müstəqillik Günündə Laçın şəhərində laçınlılara evlərin açarları təqdim edildi. 2022-ci il Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşən cənab İlham Əliyev bildirdi ki, bu gün hər bir Azərbaycan vətəndaşı görür ki, Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqımızın xoşbəxtliyi üçün əsas amildir.

Ötən il 28 May - Müstəqillik Günündə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Laçın şəhərində üç qardaş ölkənin Zirvə görüşü keçirildi. Həmçinin liderlər Laçın şəhərində Müstəqillik Gününə həsr edilən konsertdə iştirak etdilər.  Son beş ildən artıq dövr azad olunmuş ərazilərimizin bərpası, yenidən qurulması, soydaşlarımızın Böyük Qayıdış ilə diqqətdədir. Bayramlarımızın, tarixi günlərimizin bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə qeyd edilməsi hər birimizi qürurlandırır. Hər bir il Azərbaycan xalqının tarixinə uğur səhifəsi kimi əlavə olunur. Bu baxımdan ötən ili tarixi il kimi dəyərləndirən cənab İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bildirdi ki, 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu. Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq”.

Malik Həsənov qeyd edib ki, möhkəm təməl uğurlarımızın əsasıdır. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir. Müasir müstəqil, qalib Azərbaycan hər bir sahədə zəngin təcrübəsi ilə gələcəyə doğru inamla addımlayır.