28 may 2026 18:37
101

Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirlərin əsas məqsədi könüllülər arasında vətənpərvərlik hissinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunub yaşadılması və bu ənənələrin gələcək nəsillərə ötürülməsi olub. Əvvəlcə ölkənin aparıcı könüllü təşkilatlarının rəhbər və nümayəndələri, Azərbaycan könüllüləri Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil və tər güllər qoyublar. Sonra İstiqlal Bəyannaməsi abidəsi ziyarət edilərək, onun önünə gül dəstələri düzülüb.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Könüllüləri “Müstəqillikdən suverenliyə” mövzusunda Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı ilə görüş keçiriblər. Görüş zamanı gənclər arasında vətənpərvərlik dəyərlərinin təbliği, milli kimliyin qorunması, Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılması və könüllülərin cəmiyyət həyatındakı rolu ətrafında geniş fikir mübadiləsi aparılıb.

28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk edilib, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan gündür.

Atılan mühüm addımlar sayəsində Azərbaycanın Könüllüləri dərin tarixi köklərdən güc alaraq azad düşüncəli, milli ruhlu fərdlər kimi formalaşırlar. Onlar Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək, əcdadlardan miras qalan milli dəyərləri qorumağa və onları gələcək nəsillərə şərəflə ötürməyə hazırdırlar.