01 iyun 2026 23:03
93

Dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən tədbir keçirildi

Müstəqil dövlət kimi dünyanın əksər dövlətləri ilə siyasi, iqtisadi, mədəni əlaqələri olan Azər­bay­canın iqtisadi inkişafı daha da yüksəlməkdədir. Bu inkişaf həm də neçə-neçə beynəlxalq təd­birin keçirilməsinə şərait yaradıb. Keçirilən hər belə tədbir dünyanı narahat edən problemlərin həlli istiqamətində əhəmiyyətli olub.

Ölkə daxilində həyata keçirilən tədbirlər də iqtisadi inkişafın formulu ilə səsləşir. Belə tədbir­lərdən biri də iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi oldu. Tədbir mahiyyəti ba­­xımından dünyanı narahat edən mühüm bir problemlə - enerji ilə bağlı idi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycanda enerji resurslarının inkişa­fı­nın tarixini xatırladaraq qeyd etdi ki, Xəzər Neft və Qaz Sərgisi fəaliyyət göstərdiyi 30 il müd­dətində daha da təkmilləşib, “Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çox­saylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyu­nunda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbay­canın müasir qaz ha­silatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nə­zakətli məktubunda əks olunub; - “Bakı Enerji Həftəsi” qlobal enerji səh­nə­sin­də həqi­qətən aparıcı tədbirlərdən biridir”.

Son dövrlərdə dünyada baş verən hadisələr, dövlətlərarası münasibətlərdə yaranan gərgin­lik­lər, müharibə şəraitləri, müharibələr dünyəvi problemləri daha da dərinləşdirmişdir. Bəşəri dövlət­lər həm öz gələcəyini planlaşdırır, həm də dünyada əmin-amanlığın möhkəmlənməsi üçün müba­rizlər sırasında dayanır. Bu baxımdan dövlət başçımızın dediyi kimi, bütün dövlətlər praqmatik ol­malıdır, enerji təhlükəsizliyi və bərpaolunan enerjiyə sərmayə yatırmalıdır. Bunlar dinc dünya üçün başlıca amillər sırasındadır. Tədbirdə cənab İlham Əliyev bu məqamı sabahları təmin edən şərt kimi xarakterizə edərək dedi ki, “Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qo­run­masını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpa­olu­nan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi plan­laşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!”...

Hər bir ölkə torpağının təkində və ya dənizinin dibində olanı öz inkişafı üçün istifadə edir. Öz müstəqilliyinin əvvəlində Azərbaycanda təbii sərvətlərinə münasibət dövlətçilik baxımından o qədər də ciddi olmadığını da bildirən dövlət başçımız dedi ki, “...Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlir­lərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nü­mu­nədir”.

Bu tədbir həm də tarixin xatırlanması ilə yadda qalacaq. Belə ki, dövlət başçımız müstəqilliyi bərpa olunmuş Azərbaycanda iqtisadi inkişafın konturlarını da xatırlatdı, onların başlıca olaraq nə­yə əsaslandığını da. Azərbaycan yeraltı və yerüstü sərvətlərlə zəngindir. Bu zənginlik zama­nın­da onun siyasi taleyinə nüfuzları da artırırdı. Buna baxmayarq, Azərbaycan siyasi baxımdan səbatlı bir dövlətə çevrildi. Gənc dövlətin “...enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini idxal edirdik. Biz hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi”.

Çıxışında Azərbaycanın iqtisadi fəliyyətinin çox müsbət olduğunu, aparıcı beynəlxalq reytinq agentliklərində Azərbaycanın reytinqinin artdığını, investisiya dərəcəli reytinqi olduğunu, xarici borcunun əhəmiyyətli dərəcədə azaldıldığını, ehtiyatlarının xarici borcunu 18 dəfədən çox üstə­lə­di­yini, ... qeyd edərək bildirdi ki, bunlar təbii sərvətlərdən düzgün istifadənin nəticəsidir. Dövlət başçımız həm də bildirdi ki, “...müharibədə qələbə dedikdə, sadəcə, pul və hətta silahlar nəzərdə tutulmur. Söhbət döyüş ruhundan gedir. Lakin gəlin etiraf edək, ordunu qurmaq üçün pulumuz ol­masaydı, yəqin ki, bu gün hələ də torpaqlarımız işğal altında olardı. Beləliklə, Azərbaycanın in­ki­şafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş et­dirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər; - Enerji təhlükəsizliyi...”... 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Mərkəzi Asiyadakı tə­rəf­­­daşları ilə birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsinin geniş coğrafiyanı əhatə edə­cə­yini, bu nailiyyətlərin yüksək səviyyəli diplomatik fəa­liyyət nəticəsində mümkün olduğunu, …xatırladaraq qeyd etdi ki, “Cənub Qaz Dəhlizi və onun geniş­ləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın qazı 16 ölkəyə çatdırılır. Bu ölkələrin hər biri ilə danışıqlar aparmışıq, sazişlər imzalamışıq, fikir ayrılıqlarını aradan qaldırmışıq və imzalanma mərasimləri təşkil etmişik. Nəticədə geniş mənada regional əməkdaşlığın çoxşaxəli və əhatəli formatı meydana gəlmişdir. Bu prosesdə aparıcı qüvvə yenə də Azərbaycan olmuşdur. Bu, bizim resurslarımız idi. Bu, bizim təşəbbüslərimiz idi. Əsas etibarilə, məhz bizim investisiyalarımız bu geniş əməkdaşlıq formatının yaranmasını təmin etmişdir. Əminəm ki, ənənəvi olaraq “Bakı Enerji Həftəsi” bu dəfə də uğurlu nəticələr verəcəkdir”…

Düzgün enerji siyasəti və milli maraqlara əsaslanan praqmatik yanaşmanın ölkələr üçün ən doğru yol olduğu danılmazdır. İkitərəfli siyasi əlaqələr kontekstində qeyd olunmalıdır ki, dövlət başçımızın dediyi kimi, “Azərbaycan bu yolla həm özünü, həm də qlobal enerji təhlükəsizliyini güc­ləndirir”. Azərbaycanın təcrübəsini, regionun, Avropanın enerji təhlükəsizliyinin təmin edil­mə­sində rolunu bəşəri dövlətlər səmimiyyətlə etiraf edir.

Dövlət başçımız bu tarixi tədbirdə Azərbaycanın Xəzər dənizinin şərq sahillərində yerləşən ölkə­lər üçün mühüm tranzit im­kan­ları təqdim etməsini, inşa ediləcək Zəngəzur dəhlizinin Şərq-Qərb dəhlizinin yeni qolu olacağını, Azərbaycanın enerji siyasətində uğurlu diplomatiyasının bundan sonra da böyük uğurlar gətirəcəyini, ... də bildirdi.

Hər tədbir mahiyyət baxımından dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edir. Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi də belə qürurverici məqamları ilə tarixləşdi...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı