2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında münasibətlərin tarixində mühüm yer tutan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanan bu sənəd iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələsini müəyyən etmiş, münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltmişdir.
Şuşa Bəyannaməsinin məhz Qarabağın tacı hesab olunan Şuşa şəhərində imzalanması böyük siyasi və mənəvi əhəmiyyət daşıyır. Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra Azərbaycanın mədəniyyət paytaxtında imzalanan bu sənəd ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının rəmzinə çevrilmişdir. Bəyannamə eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirmişdir.
Prezident İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanması zamanı qeyd etmişdir: “İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Bu fikirlər Şuşa Bəyannaməsinin yalnız siyasi sənəd deyil, eyni zamanda ortaq tarixə, milli-mənəvi dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanan strateji yol xəritəsi olduğunu göstərir. Mustafa Kamal Atatürk və Ümummilli Lider Heydər Əliyevin irəli sürdükləri ideyalar Azərbaycan-Türkiyə münasibətlərinin ideoloji əsasını təşkil edir. Bu gün hər iki dövlət həmin siyasi irsə sadiq qalaraq əlaqələrini daha da inkişaf etdirir.
Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə malikdir. Xalqımızın taleyində mühüm rol oynayan hadisələrdə hər iki ölkə daim bir-birinə dəstək göstərmişdir. 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik qüvvələrindən azad etməsi, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən birinin Türkiyə olması, eləcə də müxtəlif dövrlərdə göstərilən qarşılıqlı dəstək bu münasibətlərin möhkəm təməl üzərində qurulduğunu sübut edir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir daha qardaşlığın gücünü nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə dövlətinin Azərbaycanın haqlı mövqeyini beynəlxalq platformalarda qətiyyətlə müdafiə etməsi ölkələrimiz arasında birliyin ən parlaq nümunələrindən biri oldu. Məhz bu həmrəylik Şuşa Bəyannaməsinin imzalanmasını zəruri edən əsas amillərdən biri kimi qiymətləndirilir.
Şuşa Bəyannaməsində siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Sənəd tərəflərin milli maraqlarının müdafiəsi, təhlükəsizlik məsələləri üzrə birgə fəaliyyət göstərməsi və regional sabitliyin təmin edilməsində qarşılıqlı dəstəyini təsbit edir. Bəyannaməyə əsasən, tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid yarandıqda birgə məsləhətləşmələr aparılacaq və zəruri tədbirlər görüləcəkdir.
Müttəfiqlik münasibətlərinin mühüm istiqamətlərindən biri də hərbi əməkdaşlıqdır. Son illərdə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında keçirilən birgə təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və hərbi təcrübə mübadiləsi iki ölkənin müdafiə potensialının güclənməsinə mühüm töhfə vermişdir. Şuşa Bəyannaməsi bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldıraraq regionda sülh və təhlükəsizliyin qorunmasına xidmət edir.
Sənəddə iqtisadi əlaqələrin inkişafına da xüsusi yer ayrılmışdır. Azərbaycanın və Türkiyənin iştirak etdiyi enerji layihələri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP və digər strateji layihələr iki ölkənin iqtisadi əməkdaşlığının uğurlu nəticələridir. Şuşa Bəyannaməsi bu istiqamətdə yeni imkanlar açaraq ticarət əlaqələrinin genişlənməsinə və investisiya mühitinin daha da yaxşılaşmasına şərait yaradır.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da Bəyannamənin əsas istiqamətlərindən biridir. Xüsusilə Zəngəzur dəhlizinin açılması Türk dünyasının inteqrasiyasına, regional iqtisadi əlaqələrin inkişafına və beynəlxalq yükdaşımaların artmasına mühüm töhfə verəcəkdir. Bu layihə Azərbaycan və Türkiyə arasında əlaqələri daha da gücləndirəcək və regionun strateji əhəmiyyətini artıracaqdır.
Şuşa Bəyannaməsi Türk dünyasının birliyinin möhkəmlənməsinə də xidmət edir. Azərbaycan və Türkiyə ortaq tarixə, dilə, mədəniyyətə və milli dəyərlərə malik iki qardaş dövlətdir. Bu sənəd Türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsinə, ortaq layihələrin həyata keçirilməsinə və qarşılıqlı dəstəyin güclənməsinə mühüm töhfə verir.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən mühüm siyasi sənədlərindən biri kimi qiymətləndirilir. Bəyannamə “Bir millət, iki dövlət” prinsipinin real siyasi və hüquqi müstəvidə təcəssümüdür. İki qardaş ölkə arasında mövcud olan sarsılmaz dostluq və müttəfiqlik münasibətləri regionda sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edir.
Şuşa Bəyannaməsi gələcək nəsillərə ünvanlanan mühüm mesajdır. Bu sənəd göstərir ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olacaq, ortaq maraqlar naminə birlikdə fəaliyyət göstərəcək və qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcəklər. Məhz buna görə də Şuşa Bəyannaməsi yalnız bu günün deyil, gələcəyin də strateji sənədi kimi tarixdə qalacaqdır.
Ramil Mirzəyev,
YAP Xətai rayon təşkilatının sədri