10 iyun 2026 15:30
114

Uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır - Elmir Vəlizadə

Uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, sosial şəbəkələr artıq günün reallığıdır, hər bir şəxsin gündəlik, az qala, bir alətidir: "Uşaqlar bizim gələcəyimizdir və onların, ilk növbədə, zərərli təsirlərdən qorunması ölkəmiz, cəmiyyətimiz üçün çox böyük əhəmiyyət kəsb edir. Bu gün hər kəs gündəlik müəyyən məqsədlərlə sosial şəbəkələrə daxil olur. Ancaq təəssüflər olsun ki, uşaqların belə bir platformadan istifadə etməsi onları hələ yetkinlik yaşına çatmamış müəyyən zərərli təsirlərə məruz qoyur".

E.Vəlizadə bildirib ki, sosial şəbəkələrin əsas məqsədi istifadəçilərin daha çox platformada qalmasını təmin etməkdir və bu da şirkətlər üçün gəlir mənbəyi yaradır: "Uşaqların orta hesabla gündə 2-4 saatdan çox sosial şəbəkələrdə vaxt keçirdiyi bildirilir. Bu isə kənar təsirlər nəticəsində onların həmyaşıdlarına və valideynlərinə qarşı arzuolunmaz davranışlar sərgiləməsinə səbəb ola bilər. Qız uşaqlarının bu təsirlərə daha çox məruz qaldığı da qeyd edilir".